Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

Hazırda oxunan: Göyçayda kənd sakinlərinin su PROBLEMİ: Rəngi və qoxusu kəskin dəyişib – FOTO

629865

Göyçayın Yekəxana və Şahsoltanlı kəndlərinin sakinləri bir aydan artıqdır ki, suvarma suyunun keyfiyyətinin kəskin şəkildə dəyişməsindən şikayətçidirlər.
 
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, sakinlərin sözlərinə görə, Yekəxana su anbarından kəndlərə verilən suyun rəngi və qoxusu dəyişib, arx və kanallardan axan su köpüklənir və kəskin, üfunət iyi verir.

Bu səbəbdən sudan həm məişətdə, həm də suvarmada istifadə etmək mümkün deyil.
 
Yekəxana kənd sakini Akif Həsənov bildirib ki, kənddə bəzi evlərə kran suyu gəlmədiyindən sakinlər məişət ehtiyaclarının bir hissəsini suvarma suyu hesabına qarşılayırlar. Lakin o, son iki aydır bu sudan istifadə edə bilmədiklərini deyir:


“Bu sudan hamamda, paltar yuyanda, evdə qab yumaqda istifadə edirik. Bizə kran suları gəlmir. İçməli suyu traktorla gətiririk. Amma qalan ehtiyaclarımız üçün bundan istifadə edirdik. İki aydır istifadə edə bilmirik. Evdə kanalın qırağında olduğumuz üçün iydən otura bilmirik”.
 
Şahsoltanlı kənd sakini Şaban İsmayılov da suyun kənd sakinləri üçün yararsız olduğunu bildirib.

Onun sözlərinə görə, xüsusilə isti havalarda sudan gələn kəskin qoxu ciddi narahatlıq yaradır.


Sakinlər iddia edirlər ki, problemdən yalnız məişət deyil, kənd təsərrüfatı da zərər çəkir. Onların sözlərinə görə, sudan heyvanlar da içmir, bostan və tərəvəz sahələrinin suvarılması zamanı isə bəzi bitkilər tələf olur.

Şahsoltanlı kənd sakini Vidadi Kərimov bildirib ki, suyun istifadəsindən sonra istixanasında yetişdirdiyi lobya və paxla məhv olub:

“Üfunət iyi gəlir, heyvanlar içmir. Özüm istixana etmişdim. Bir günün içində bu suyu vurandan sonra istixana getdi, xəzəl oldu, lobya da, paxla da hamısı məhv oldu. Ona görə ki, bu su natəmizdir”.


Sakinlərin sözlərinə görə, hazırda məişət və içməli suya olan tələbatı başqa mənbələr hesabına ödəmək məcburiyyətində qalırlar. Bu isə əlavə xərc və çətinlik yaradır.

Məsələ ilə bağlı Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sakinlərin narazılığına səbəb olan vəziyyətdən məlumatlıdırlar və problemin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Qeyd olunub ki, Yekəxana su anbarına və kəndlər ərazisindəki suvarma arxlarına vizual baxış keçirilib.

Həmçinin su anbarının giriş və çıxış hissələrindən, eləcə də anbarın özündən laborator analiz üçün nümunələr götürülərək aidiyyəti laboratoriyaya göndərilib.

İdarədən bildirilib ki, laboratoriya nəticələri əldə olunduqdan sonra suyun keyfiyyətinin dəyişməsinə səbəb olan amillər müəyyənləşdiriləcək və nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO