Son illər televiziya proqramlarında, sosial şəbəkələrdə və müxtəlif platformalarda özünü ekspert kimi təqdim edənlərin sayı artır. Süni intellekt isə bu işi daha da asanlaşdırıb. Artıq qısa zaman ərzində bir çox mövzuda məlumat toplamaq mümkündür. Bu isə həqiqi mütəxəssislə internetdən topladığı məlumatları təqdim edən şəxsi ayırmağı çətinləşdirir.
Bəs vətəndaş kimə etibar etməli, doğru eksperti necə müəyyənləşdirməlidir?
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elnarə Akimova Bizim.Media-ya açıqlamasında bildirir ki, məlumat sahibi olmaqla mütəxəssis olmaq arasında çox ciddi fərq var:
“Süni intellekt bilik toplamaqda köməkçi vasitədir, amma o, insanın illərlə qazandığı təcrübəni, peşə vərdişini, elmi araşdırmalarını, praktik fəaliyyətini və məsuliyyət hissini əvəz edə bilməz. Təəssüf ki, hazırda sosial şəbəkələrdə süni intellektdən əldə etdiyi məlumatları şəxsi biliyi kimi təqdim edən, özünü ekspert kimi qələmə verən insanların sayı artır. Bu isə cəmiyyətin yanlış məlumatlandırılması və ictimai rəyin manipulyasiya olunması baxımından ciddi risk yaradır”.
Deputat hesab edir ki, Azərbaycanda ekspert anlayışı ilk növbədə konkret meyarlarla müəyyənləşdirilməlidir:
“Ekspert dedikdə yalnız ali təhsili olan şəxs yox, uzun illər həmin sahədə çalışan, elmi və ya peşəkar fəaliyyəti ilə tanınan, fikirlərini faktlara, qanunvericiliyə və praktik təcrübəyə əsaslandıran şəxs nəzərdə tutulmalıdır.
Onun akademik fəaliyyəti, elmi məqalələri, tədqiqatları, peşəkar nailiyyətləri, rəhbərlik etdiyi layihələr və cəmiyyət tərəfindən qəbul edilən nüfuzu ekspert statusunu müəyyən edən əsas göstəricilərdir. Ekspert olmaq sadəcə danışmaq deyil, dediyi fikrə görə məsuliyyət daşımaqdır.
Bir şəxsin həqiqətən mütəxəssis olub-olmadığını yoxlamağın ən düzgün yolu onun bioqrafiyasına və fəaliyyətinə baxmaqdır. Hansı sahədə təhsil alıb, neçə il həmin istiqamətdə çalışıb, hansı elmi və ya peşəkar nəticələr əldə edib, fikirləri nüfuzlu mənbələr və faktlarla üst-üstə düşürmü – bütün bunlar qiymətləndirilməlidir.
Bir şəxs yalnız sosial şəbəkələrdə aktivdirsə, lakin peşəkar fəaliyyəti görünmürsə, onun ekspert kimi təqdim olunması doğru deyil. İzləyici sayı peşəkarlığın ölçüsü deyil. Bəzən milyonlarla izləyicisi olan insanlar yanlış və ya qeyri-dəqiq məlumat yayır, əvəzində ömrünü elmə və peşəsinə həsr etmiş mütəxəssislər daha az tanınırlar. Cəmiyyət populyarlıqla peşəkarlığı qarışdırmamalıdır. Eksperti məşhurluq yox, biliyi, təcrübəsi və etibarlılığı müəyyən edir”.
E.Akimova vurğulayır ki, saxta ekspertlərin sayının artmasında mətbuatın da böyük "rolu" var:
“Media qurumlarının bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Onlar bəzilərini şəxsi ambisiyaları, bəzilərini də şəxsi münasibətlərinə görə məşhurlaşdırıblar. Jurnalist operativlik naminə ilk qarşısına çıxan şəxsi ekspert kimi təqdim etməməlidir. Açıqlama alınacaq şəxsin peşəkar keçmişi araşdırılmalı, onun ixtisası mövzu ilə uyğun olmalı, maraq toqquşması olub-olmaması nəzərə alınmalıdır.
Xüsusilə hüquq, tibb, iqtisadiyyat, təhlükəsizlik və digər həssas sahələrdə yalnız səriştəsi təsdiqlənmiş mütəxəssislərə söz verilməlidir. Əks halda yanlış məlumat təkcə medianın nüfuzuna deyil, cəmiyyətin qərarlarına və insanların taleyinə də mənfi təsir göstərə bilər”.
Deputat son olaraq qeyd edib ki, ekspertlik internetdən alınmış cavablarla deyil, illərin zəhməti, təcrübəsi və cəmiyyət qarşısında daşıdığı məsuliyyətlə qazanılan bir statusdur”.
Xədicə Paşayeva, Bizim.Media































































































