Qafqazın mirvarisi – Şuşa şəhəri insanda elə zəngin təəssüratlar yaradır ki, danışdıqca, yazdıqca tükənməz. Bu qədim şəhərin hər daşında, hər küçəsində tarix danışır.
Lakin gördüklərim arasında məni ən çox təəccübləndirən məhz Şuşanın mərkəzində yenidən qurulmuş bir məkan oldu – xüsusən də gecələr Bakının məşhur “Tarqovı” küçəsindən fərqlənməyən “Şeytanbazar” küçəsi...
Bu küçələri təkcə adlarındakı “ticarət” mənası birləşdirmir. Küçənin memarlıq üslubu, atmosferi, insanların sərbəst gəzintisi, bir növ göstəriş, tanışlıq mərkəzi (kapitalist təfəkkürü ilə elə bu da ticarətdir, həm də şeytani ticarət olduğu üçün bazarın adına təsirsiz ötüşməyib), başqa sözlə, sosial həyatın yüksək ritmi elə paytaxtın ən canlı məkanını xatırladır.
Bu küçədə gəzişərkən onun tarixi ilə də maraqlandım. Məlum oldu ki, Şeytanbazar küçəsi Bakının “Tarqovı”sı ilə eyni yolu keçib.
Təxminən yüz il əvvəl biri Xəzərin sahilində, digəri Qarabağın mərkəzində yerləşən bu iki küçə şəhər həyatının döyünən ürəyi olub.
Burada sənətkarlar öz əl işlərini nümayiş etdirər, tacirlər alver edər, səyyahlar və turistlər şəhərin ruhunu duymağa çalışar, ziyalılar fikir mübadiləsi aparar, dövrün ədəbazları – o zamanın dili ilə desək, “inteligentlər” və “madumazellər” küçəyə xüsusi rəng qatardılar.
Bu iki küçə bütün dövrlərdə sadəcə ticarət məkanı olmayıb, onlar şəhərin sosial və mədəni həyatının güzgüsü olub. Şeytanbazar da, “Tarqovı” da müxtəlif təbəqələrdən olan insanları bir araya gətirən, ünsiyyətin, mədəniyyətin, yeni ideyaların qovuşduğu ictimai məkan kimi yaşayıb. Burada alış-verişlə yanaşı, həm o dövrdə, həm də günümüzdə şəhərin nəbzi döyünür, dövrün ruhu formalaşır.
“Tarqovı”nı böyüklü-kiçikli yaxşı tanısaq da, Şeytanbazar çoxları üçün yenilikdir.
Ümumiyyətlə, özünəməxsus memarlıq üslubu ilə seçilən qədim Şuşanın 3 əsas küçəsi olub:
“Rastabazar”, “Şeytanbazar”, və “Aşağı bazar” küçəsi. “Şeytanbazar” küçəsi Şuşa şəhərinin mərkəzində yerləşməklə “Meydan”dan başlayan və “Rastabazar” küçəsinin davamı olan tarixi küçədir. Küçənin hər iki tərəfində tacir dükanları, papaqçılar, dərzilər, zərgərlər, karvansaralar, hamamlar, yerləşirdi. Həmçinin bu küçə, bir çox şərq ölkələrindəki çarşılar kimi üstüörtülü olub. Buna görə də, küçə bütün fəsillərdə quru və təmiz qalırdı.
28 il düşmən əlində qalmış şəhəri nə qədər dağıtmağa çalışsalar da onun ruhunu əsir ala bilmədilər. Hətta Şuşa dağınıq halında da şəhərə yad olanlara belə özünü tarixi binaları, bənzərsiz memarlıq üslubu ilə tanıtmağı bacarıb. Sevindirici haldır ki, istər Bakıda, istərsə də Qarabağda tarixi binalar, küçələr öz ilkin quruluşundan fərqlənmədən, simasını itirmədən saxlanılır ki, bu məkanlardan keçənlər tarixi araşdırmasın, tarix özü onun gözlərində canlansın.



Şəfiqə Şəfa, Bizim.Media


































































































