Naxçıvanskilər (Kəngərlilər) Azərbaycanın hərb tarixinə 6 general bəxş edib. 1905-1906-cı illərdə ermənilərin Naxçıvana qarşı təcavüzünün qarşısının alınmasında Kəngərli nəslindən olan Cəfərqulu xan, Davud xan, Cəmşid xan, Ehsan xan Naxçıvanskilərin çox böyük xidmətləri olub.
Bizim.Media xəbər verir ki, tarixçi alim, professor Zaur Əliyev Naxçıvanskilər nəslinin görkəmli nümayəndələrindən biri Davud xan haqqında tarixi faktları bölüşüb:
“Davud xan Azərbaycan hərb tarixinin əfsanəvi siması, general Cəmşid Naxçıvanskinin əmisi oğludur. Onların bəzən qardaşı olması yazılsa da, sənədlər bunu təkzib edir. Davud xan Naxçıvanskinin atası Cəfərqulu xanın doğma qardaşı olan Rəhim xan Naxçıvanskidir.
Rəhim xan Naxçıvanski də Azərbaycanın müstəqilliyi yolunda canını fəda etməkdən çəkinməyən şəxslərdən olub. Rəhim xan 1920-ci ilin mayında Gəncədə bolşeviklərə qarşı baş qaldıran məşhur Gəncə üsyanının fəal iştirakçılarından biri idi. Üsyan amansızlıqla yatırıldıqdan sonra Rəhim xan bolşeviklər tərəfindən həbs olunaraq güllələndi.
Davud xan ermənilərin Naxçıvana hücumunun qarşısını necə aldı?
Davud xan, qardaşları və atası ilə çiyin-çiyinə bölgənin müdafiə sisteminin təşkilində və idarə olunmasında fəal iştirak edib. O, 1919-cu ildə Naxçıvanda yaradılan və bölgənin müdafiəsində misilsiz rol oynayan Naxçıvan taborunun fəal hərbçilərindən biri olub.
Polkovnik III Kəlbəli xan Naxçıvanskinin komandanlığı altında Sədərəyin mühasirədən çıxarılmasında, Vəlidağ və digər strateji nöqtələrdə erməni basqınlarından qorumaq üçün bütün gücü ilə orduda xidmət edib. Davud xan həm hərbi komissarın müavini, həm də zabit kimi bu gərgin döyüş əməliyyatlarda düşmənlərə qarşı döyüşüb.
1918–1920-ci illərdə Şərur və Naxçıvan bölgələrini erməni daşnak dəstələrindən qoruyan qəhrəman döyüşçülərdən biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin 25 mart 1919-cu il tarixli 155 nömrəli əmri ilə Naxçıvanın bir qrup döyüşçüsünə göstərdikləri döyüş hünərlərinə görə hərbi rütbə verilir və burada Davud bəyin adı da var. Ona Piyada orduda “praporşik” rütbəsi verilir.
İngilis və amerikalılar Naxçıvanda erməni idarəçiliyi qurmaq məqsədilə bura milliyyətcə erməni olan komissar təyin etməyə cəhd göstərirdilər. Davud xan yerli hərbi komissarlığın rəhbər heyətində olan bir zabit kimi, erməni məmurların Naxçıvanda rəsmi sənədləşmə aparmasına, hərbi və mülki strukturlara sızmasına birbaşa mane olub və buna görə də onların yetirmək istədiyi şəxslər siyahısında birinci olub.
Bolşevik işğalına qarşı mübarizə
Naxçıvanın bolşeviklər tərəfindən işğalı bu ailənin üzvlərinə qarşı represiyyaların başlanmasına səbəb olur və hakimiyyəti ələ alan “qırımızı terrorçular” Cəfərqulu xan, Rəhim xan, İskəndər xan Naxçıvanskilər və İbrahim paşa Kəngərlini sürgün edir.
Naxçıvan İnqilab Komitəsinin əmri ilə general-qubernator Cəfərqulu xan və onun tərəfdarları, o cümlədən oğulları həbs olunur. Ermənilər və ruslar Cəfərqulu xanın oğulları Kəlbəli xan və Ehsan xanı qəfil basqınla həbs etmək üçün onların evinə gəlirlər. Evdə olan Davud xan erməni bolşeviklərinin onları həbs edərək, oradaca qətlə yetirməsinə imkan verməmək üçün silaha əl atır və təkbaşına onlara qarşı müqavimət göstərir.
O, qardaşlarının mühasirəni yarıb qaçması üçün vaxt qazanır. Kəlbəli xan və Ehsan xan bu sayədə xilas ola bilsələr də, sonradan İrana keçirlər, Davud xan özü həmin toqquşmada ağır yalaranır və öz evini qoruyarkən qəhrəman kimi şəhid olur.
Onun cənazəsinin gizli və ya təcili şəkildə yaxınları tərəfindən götürülərək Naxçıvandakı ailə qəbiristanlığında (İmamzadə kompleksinin ətrafında və ya Kəngərlilərin tarixi ailə məzarlığında) dəfn edildiyi ehtimal olunur.
Erməni bolşevikləri Kəngərlilərin evinə basqın edib Davud xanı qətlə yetirdikdən sonra, ailənin mülkü tamamilə qarət olunub və talan edilib”.
Bizim.Media


































































































