Zərurətdən doğan tələb, sosial sifariş – Müəllimlər üçün vahid geyim yanaşmasının ÖNƏMİ

Zərurətdən doğan tələb, sosial sifariş – Müəllimlər üçün vahid geyim yanaşmasının ÖNƏMİ

Hazırda oxunan: Zərurətdən doğan tələb, sosial sifariş – Müəllimlər üçün vahid geyim yanaşmasının ÖNƏMİ

619816

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa müəyyən dəyişikliklərin edilməsi bir zərurətə çevrilib. Çünki cəmiyyətimizdə baş verən proseslər, xarici trendlər və yanaşmaların dəyişməsi bir sıra vacib çağırışları meydana çıxarıb.

Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdəki müəyyən insanlar milli-mənəvi dəyərlərdən uzaqlaşaraq xarici, təhlükəli trendlərin axınına qoşulub. Ən pisi də odur ki, belə xoşagəlməz trendlərə qoşulanlar arasında müəllimlər də var.

Geyim mədəniyyəti təhsil mühitinə necə təsir edir?

Nəzərə alaq ki, müəllim məktəbdə təkcə bilik verən şəxs deyil, həm də şagirdlər üçün davranış, mədəniyyət və estetik zövq nümunəsidir. Bəzən bir müəllimin davranışı və geyimi hansısa şagirdin həyatı boyu unutmayacağı nümunəyə çevrilir. Bir çox şagirdlər məktəbi bitirdikdən sonra da, müəlliminin hərəkətlərini etalon kimi qəbul edirlər.

Müəllimlərin məktəbdə geyimi onların peşəkar imicinin formalaşmasında mühüm rol oynayır.

Geyim insan haqqında ilk təəssüratı yaradan amillərdən biri olduğuna görə, müəllimin xarici görünüşü təhsil mühitinin ümumi atmosferinə də təsir göstərir.

Məktəbdə peşəkar imicin qorunması vacibdir

Məktəb ciddi və nizam-intizamın qorunduğu bir təhsil müəssisəsidir. Burada çalışan müəllimlərin geyimi də bu mühitə uyğun olmalıdır. Səliqəli, təmiz və klassik üslubda geyinən müəllimlər şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbə və təhsilə hörmətin artmasına kömək edirlər. Əksinə, qeyri-ciddi və diqqəti yayındıran geyimlər müəllimin nüfuzuna mənfi təsir göstərə bilər.

Təəssüflə qeyd etməliyik ki, son zamanlarda bəzi müəllimlər müqəddəs müəllim adına uyğun olmayan davranışlar, hərəkətlər edirlər. Xüsusilə də geyim tərzində bu özünü daha çox göstərir.

Dar, dekolteli və ya xüsusi cərəyanları simvolizə edən geyimlər cəmiyyətdə normal qarşılanmadığı kimi sinif otağında da ciddiyyəti pozur, şagirdlərin diqqətini yayındırır.

Belə hallardan gənc qızlar daha tez təsirlənirlər...

Çünki məktəblərdə qadın müəllimlər əksəriyyət təşkil edir. Bəzi yuxarı sinif şagirdi olan qızlar da müəllimləri kimi geyinmək, onlar kimi görünmək istəyirlər.

Müəllimin geyimi yeniyetmə oğlanlara da pis təsir göstərir. Onların fikirləri dağılır, müəllimə müqəddəs peşənin sahibi, bilik mənbəyi kimi yox, qadın kimi baxmağa başlayırlar. Bütün bunlarsa məktəbdəki sağlam atmosferi korlayır.

Müəllimlərin vahid forma geyimi nəyə görə vacibdir?

Bunu zəruri edən bir sıra səbəblər var. İlk növbədə müəllimlər üçün də vahid geyim tələbi yanaşması məktəbin ümumi mədəniyyətinin bir hissəsi, aidiyyət və daxili qaydalara hörmət simvolu kimi qəbul edilir.
 

Digər tərəfdən vahid yanaşmaya uyğun geyim məktəb daxilində korporativ idarəetmə mədəniyyətinin formalaşmasına və güclənməsinə xidmət edir. Müəllimlərin işgüzar üslubda görünməsi məktəbin ictimai nüfuzuna müsbət təsir göstərir.


Bu həm də sosial balans yaradır. Əksər müəllimlər eyni əməkhaqqı alsalar da ailələrindən gələn maddi dəstək onları fərqlənməyə həvəsləndirir. Bu fərqliliksə bir çox nüanslarda, o cümlədən də geyimdə özünü göstərir.

Pedaqoji etika və geyim mədəniyyəti

Əgər müəllimlər üçün də vahid geyim müəyyən edilərsə o zaman bayağı, eyni zamanda radikal geyimlər məktəblərə ayaq açmaz. Bundan əlavə, vahid yanaşmaya uyğun geyim məktəbin ümumi idarəçilik fəlsəfəsinin və təşkilati dəyərlərinin vizual ifadəsinə çevrilər. Bu, müəllim kollektivində komanda ruhunun, həmrəyliyin güclənməsinə xidmət edər.

Vahid işgüzar üslub müəllimin təhsil müəssisəsinin nümayəndəsi və müəyyən peşə standartlarının daşıyıcısı olduğunu vurğulayır. Bu, həm də tədris zamanı lazım olan iş mühitini qorumağa kömək edir.
 

Ona görə də müəllimlər üçün də vahid geyim tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin bir hissəsi, aidiyyət və daxili qaydalara hörmət simvolu kimi qəbul edilir. Çünki müəllimlərin geyimi yalnız estetik məsələ deyil, həm də pedaqoji əhəmiyyət daşıyır.


Şagirdlər müəllimlərini müşahidə edir və çox zaman onları təqlid etməyə çalışırlar. Buna görə də müəllimin geyim mədəniyyəti gənc nəslin zövqünün formalaşmasında mühüm amillərdən biridir.

Sadəlik, səliqə və zəriflik müəllim geyiminin əsas prinsipləri hesab edilməlidir.

Vahid yanaşmanın məktəbdaxili nizam-intizamın gücləndirilməsində rolu

Bununla yanaşı, əsas peşəkar görünüşü və məktəb mühitinə uyğunluğu təmin etməkdir.

Müəllim öz fərdi üslubunu qorumaqla yanaşı, təhsil müəssisəsinin nüfuzunu və pedaqoji etikanın tələblərini də nəzərə almalıdır.

Bir sözlə, müəllimlərin məktəbdə geyimi onların peşəkarlığını, məsuliyyətini və təhsil prosesinə münasibətini əks etdirən vacib amildir. Səliqəli və nümunəvi görünüş müəllimin nüfuzunu artırır, şagirdlərə müsbət təsir göstərir və məktəbdə sağlam mənəvi mühitin formalaşmasına xidmət edir.

Ən başlıcası vahid geyim sadələyi, bərabərliyi təşviq etməklə yanaşı cəmiyyətə və şagirdlərə sağlam və gərəkli mesajlar ötürür.

Ona görə də “Ümumi təhsil haqqında” qanuna müvafiq dəyişiklilərin edilməsi həm dövrün tələbi, həm də sosial sifarişdir.

Əminliklə qeyd edə bilərik ki, Məktəb müəllimlərinin vahid tələblərə uyğun geyinməsi məktəbdaxili nizam-intizam və təşkilati mühitin daha da gücləndirilməsində mühüm rol oynayacaq. Bu isə, kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına əsaslı təkan verə bilər.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO