Rusiyanın Taqanroq şəhəri yaxınlığında dron hücumu zamanı həlak olan xaçmazlı dənizçi Fuad Orucovun nəşi bu gün Azərbaycan-Rusiya sərhədindən ölkəyə gətiriləcək.
MÖVZU İLƏ BAĞLI:
Bu barədə Bizim.Media-ya mərhumun qardaşı Faiq Orucov məlumat verib.
Onun sözlərinə görə, Fuad Orucovun və hadisə zamanı həyatını itirən digər azərbaycanlı dənizçi Qismət Əliyevin cənazələri sərhəddən birbaşa Bakıya aparılacaq.
“Bu gün saat 16:00-da dənizçilərin cənazələri Bakıda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə çatdırılacaq. Azərbaycan ekspertləri tərəfindən meyitlər üzərində tibbi ekspertiza aparılacaq. Bundan sonra cənazələr ailələrinin yaşadığı ünvanlara göndəriləcək”, – deyə Faiq Orucov bildirib.
Mərhumun qardaşı qeyd edib ki, dəfn mərasiminin sabah keçirilməsi nəzərdə tutulur:
“Dəfni sabah etməyi düşünürük. Hesab edirik ki, bu gün bütün prosedurları başa çatdırmağa vaxtımız çatmayacaq”.
Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































