Avdı Qoşqar səksəninci illərdə ədəbiyyata gəlib. O, ilk şeirlərindən ədəbi cameənin baxışını özünə cəlb edə bilib.
Şeirdə, sənətdə öz yolunu, öz izini yaradanlardandır Avdı Qoşqar. “İlahi pıçıltılar” isə şairin oxucularla onuncu görüşüdür. Şeirlərindəki dərin ictimai-fəlsəfi məna özünün həyata, sənətə baxışından su içir.
Kitabdakı şeirlər bir neçə başlıq altında verilir:
- Baxışlar, nəzərlər dikilib göyə...
- Qana bulaşırıq yaşamaq üçün...
- Qaydasız oyunlar...
- Sökün bütün divarları...
- Məni yaşadığım mühit anlamaz...
Və başqa adlar, ünvanlar altında toplanan şeirlərdə şairin daxili dünyası haqsızlığa, ədalətsizliyə etirazı alovlanır. Və bu qəzəbi şeirin, sözün bədii ölçü və biçiminə çox ustalıqla oturdur.
Baxışlar, nəzərlər dikilib göyə,
Qalıb ətəyi boş, əli boş niyə?
Zorun tərəfində durursan deyə,
Dağılır kaşanə, çökür ev, Allah...
Şair cəmiyyətdəki bütün əyər-əskikliyin göydən, ucalıqdan gəldiyini israrla əsaslandırmağa çalışır.
Allahsız uşağı allahsız,
Bu ağaca necə qıyır əliniz?
Neçə keçirirsiniz şah damarını,
Neçə keçirirsiniz şövq-vüqarını?
Canıyla əlləşir torpaqla, suyla –
Torpağın altında gücü böyüyür.
Yatır dədə-baba yuxularıyla,
Yatır, yata-yata suçu böyüyür.
Demək, dədə-baba yuxularıyla yatdığına görə kəsilən ağac özü də günahkardır... Budur şairin qənaəti.
Şair şeirlərində ağır mövzulara girir, cəmiyyəti narahat edən məqamları önə çəkir. Şeirlərinin birinin adı belədir: “Qana bulaşırıq yaşamaq üçün”.
Ömür yaşayırıq günah içində,
Qapımız qəzaya-qədərə açıq.
Ölən sevgilərin kölgələriyik,
Kölgə də tərs kimi axşamdan qaçır.
Bir çox mətləblərə işıq salır şair. Yəni günah içində yaşayırıq ömrü. Qapımız hər an qəzaya-qədərə açıqdır. Sevgi öldürmək də bir canilikdir. Odur ki, kölgəmiz də bizdən qaçır. Bütün cəmiyyət yerləşib bu dörd misranın içinə...
Budur bədii parça, budur ədəbi düşüncə. Cəmiyyətdən kənarda söz, fikir olmur. Hər şey kül halında bir çevrənin içindədir. Şairin böyüklüyü o məqamları tuta bilməkdir. Şairin bütün şeirlərində bu detallar zərgər dəqiqliyi ilə canlanır.
Heç bir şey olduğu kimi görünmür,
Hər şeyin altında –
bir alt qatı var,
bir az da dərində
“gizli qatı” var –
Heç bir şey olduğu kimi görünmür...
Bütün bu görünməzliklər içində “görünəni” canlandırmaq, sözün həqiqi mənasında şairdən istedad tələb edir. Bu, təkcə istedadla bitmir, eyni zamanda geniş dünyagörüşü, həyatın dərin qatlarına nüfuz etmək qabiliyyəti də tələb olunur. Görünəni oxucu onsuz da bütün çalarları ilə açıq, aydın görür, öz səviyyəsində dərk edir. Şair görünməzin dərinliyinə varmağı bacarmalıdır ki, oxucuya bir şey göstərə bilsin. Avdı Qoşqarın şeirlərində bu məqam hər an diridir, durudur, yaddaqalandır.
Avdı Qoşqarın kitaba yazdığı ön sözü ilə fikrimi və yazımı tamamlayıram:
“Söz, şeir mənim iç dünyamdır. Olub-qalanımdır. Onsuz mən bir heçəm, yoxam. Yolun torpağıyam, dağın xırda çınqıl daşıyam, düzlərin otuyam, ağacın yarpağıyam. Oxucu zövqü mənim üçün əsasdır. Əlbəttə, səviyyəli oxucudan söhbət gedir...”

Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
12:12 / 10.06.2026
Avdı Qoşqarın “İlahi pıçıltılar”ı – FOTO
Hazırda oxunan: Avdı Qoşqarın “İlahi pıçıltılar”ı – FOTO
Hazırda oxunan: Avdı Qoşqarın “İlahi pıçıltılar”ı – FOTO
618401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































