Ağ Evin Kubaya qarşı tətbiq etdiyi yeni sanksiyalar və neft blokadası ada iqtisadiyyatını tamamilə iflic vəziyyətinə salıb. ABŞ Prezidenti Donald Trampın Kuba hərbi rəhbərliyinin nəzarətində olan və ölkə ÜDM-nin yarısını formalaşdıran "Gaesa" konqlomeratı ilə iş quran istənilən xarici şirkətin aktivlərini dondurmaq hədəsi artıq ilk nəticələrini verib.
Bizim.Media xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, Avropa və Kanada nəhənglərinin adadan kütləvi köçü başlayıb və boşalacaq yerləri ABŞ şirkətlərinin tutacağı gözlənilir.
Sanksiyaların təzyiqi ilə İspaniyanın məşhur mehmanxana şəbəkələri "Meliá" və "Iberostar" ümumilikdə 27 otelin idarəetməsini Kuba Silahlı Qüvvələrinə qaytararaq fəaliyyətini dayandırıb. Kanadanın "Blue Diamond" və İndoneziyanın "Archipelago International" şirkətləri, eləcə də Fransanın "CMA CGM" və Almaniyanın "Hapag-Lloyd" gəmiçilik xətləri adadan tamamilə çəkilib.
Kubanın ixracatının üçdə birini təşkil edən dağ-mədən sənayesində isə Kanadanın "Sherritt International" şirkəti öz payının 55%-ni Trampın keçmiş müşaviri ilə əlaqəli olan ABŞ-ın "Gillon Capital" fonduna satmağa məcbur olub. Kuba hökumətinə yaxın mənbələr bu vəziyyəti "Vaşinqton avropalıların biznesini ələ keçirmək istəyir" kimi şərh edirlər.
Ekspertlərin fikrincə, yaranan boşluqdan ilk yararlanacaq namizədlər ABŞ-ın "Marriott" otel şəbəkəsi və "Airbnb" platformasıdır. Hər iki nəhəng hələ Barak Obama dövründəki "yumşalma" mərhələsində Kubada xüsusi lisenziya ilə uğurla fəaliyyət göstərib və adaya qayıtmaqda maraqlıdırlar. Bu iqtisadi hücum Kubanın daxili böhran, işıq kəsintiləri və sərt qənaət tədbirləri ilə boğuşduğu ən həssas məqama təsadüf edib.
ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmiləri bəyan edirlər ki, Ağ Evin son addımları Kubanı tamamilə maliyyə təcridinə məhkum etmək və beynəlxalq bankları Havana ilə bütün əlaqələri kəsməyə məcbur etmək məqsədi daşıyır.
Bizim.Media



































































































