Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu iyunun 9-da rayonun Zuxul kəndində keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak edib.
Səyyar qəbulda kənd sakinləri kənddə suvarma suyunun azlığı, istismara yararsız elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin sakinlər istifadə etdikləri torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon icra hakimiyyətinin başçısı kənd sakinlərinin məşğuliyyəti, kənd məktəbində tədrisin keyfiyyəti, şagird sayı, onların dərsə davamiyyəti ilə maraqlanıb.
İcra başçısı əhalidən torpaq və əmlak vergilərinin vaxtında yığılmasının, bildirişlərin göndərilməsinin vacibliyini qeyd edib. Həmçinin əhalinin fərdi yaşayış evlərini və təsərrüfatlarını sığortalamaqla mümkün zərərlərdən qorunması üçün onların maarifləndirilməsinin zəruriliyini qeyd edib.
Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icrası nəzarətə götürülüb.



Aytəkin Alxaslı, Şimal Bürosu, Bizim.Media




































































































