Kürdəmirdə bir nəfərin ölümü ilə nəticələnən güclü yanğın hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bu barədə Bizim.Media-nın Aran bürosuna mərhumun əmisi oğlu Cavid Eminov məlumat verib.
O bildirib ki, mərhum Fikrət Eminov uzun illər Rusiyada yaşayıb, orada rus əsilli qadınla evli olub və həmin evlilikdən iki oğlu var.
“Bir müddət əvvəl Fikrət ölkəyə qayıdıb və ata evində tək yaşayırdı. Tez-tez görüşürdük, çox sakit və ürəyi açıq adam idi. Bu yaxınlarda təsərrüfat işləri ilə məşğul olmağa başlayacaqdı, ancaq qismət olmadı. Evdə tək idi, yatmış vəziyyətdə olub. Köməyi də olmayıb, qonşular xəbər tutanda artıq gec idi, alovun gücündən qapını açıb içəri girmək mümkün olmayıb və o yanaraq dünyasını dəyişib. Ata və anası bir müddət əvvəl rəhmətə getdiyinə görə tək yaşayırdı” - deyə C. Eminov bildirib.
Xatırladaq ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 57 yaşlı Fikrət Mütəllim oğlu Eminova məxsus ümumi sahəsi 150 kv metr birmərtəbəli 2 otaq və bir aynabənddən ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Bundan başqa güclü yanğın zamanı evdə yatmış vəziyyətdə olan ev sahibi Fikrət Eminov da yanaraq dünyasını dəyişib. Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Eyni zamanda əraziyə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və mərhumun meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib. Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Bizim.Media, Aran bürosu





























































































