ABŞ kəşfiyyatı və Ağ Ev rəsmiləri Donald Trampın İran üzərində qələbə elan edərək müharibəni başa çatdırması ssenarisini nəzərdən keçirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, ABŞ kəşfiyyatı administrasiyanın yüksəkvəzifəli rəsmilərinin müraciəti əsasında təhlil aparır. Məqsəd Trampın belə bir addım atacağı halda İranın buna necə reaksiya verəcəyini proqnozlaşdırmaqdır.
Bir sıra rəsmilər Trampı inandırmağa çalışırlar ki, neft və benzinin qiymətini artıran müharibə qarşıdakı Konqres seçkilərində respublikaçılar üçün ciddi itkilərə səbəb ola bilər.
Məlumata görə, Tramp İranla bağlı bundan sonra hansı addımı atacağına dair yekun qərar qəbul etməyib. Reuters mənbələrindən biri bildirib ki, hərbi əməliyyatların daha da genişləndirilməsi, o cümlədən İranın hərbi-siyasi rəhbərliyinə qarşı yeni aviazərbələr də istisna olunmur.
Bununla belə, ən radikal ssenari — quru əməliyyatı — getdikcə daha az ehtimal olunur. Agentliyin mənbəsi bildirib ki, Trampa müharibəni dayandırmaq üçün göstərilən siyasi təzyiq “çox böyükdür”.
Reuters/Ipsos-un ötən həftə dərc etdiyi sorğuya əsasən, amerikalıların yalnız 26 faizi hərbi kampaniyanın xərcləri doğrultduğunu düşünür. Respondentlərin 25 faizi isə bu müharibənin ABŞ-ı daha təhlükəsiz etdiyini hesab edir.
Ağ Evdəki son müzakirələrdən xəbərdar olan üç mənbə bildirib ki, Tramp həm özünün, həm də partiyasının ödədiyi siyasi qiyməti yaxşı anlayır.
Qeyd edək ki, ABŞ və İran arasında müharibə fevralın 28-də başlayıb. ABŞ qanunvericiliyinə görə, prezident Konqresin razılığı olmadan hərbi əməliyyatları 60 gündən artıq davam etdirə bilməz. Bu müddət mayın 1-də başa çatır. Qanun yalnız qoşunların təhlükəsiz çıxarılması üçün əlavə 30 gün müddətinə imkan verir, lakin bu müddət hücum əməliyyatları üçün nəzərdə tutulmur.
Demokratlar artıq beş dəfə qətnamələr vasitəsilə hərbi əməliyyatları dayandırmağa çalışıblar, lakin respublikaçılar bu təşəbbüsləri bloklayıblar. Bununla belə, bəzi respublikaçı senatorlar, o cümlədən Con Kertis və Liza Murkovski mayın 1-dən sonra Konqresin razılığı olmadan müharibənin davam etdirilməsini dəstəkləməyəcəklərini bildiriblər.
Bizim.Media



































































































