Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərə rayonunun isə 1 kəndinə növbəti köç prosesi həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 10 ailə - 46 nəfər, Badara kəndinə 16 ailə - 59 nəfər, Xanyurdu kəndinə 4 ailə - 25 nəfər, Seyidbəyli kəndinə 1 ailə - 3 nəfər, Şuşakənd kəndinə 1 ailə - 5 nəfər, Təzəbinə kəndinə isə 3 ailə - 15 nəfər qayıdıb.Bundan başqa, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 6 ailə - 22 nəfər köçürülüb.
Ümumilikdə 41 ailə, yəni 175 nəfər doğma yurduna qayıdıb. Sakinlərə yeni mənzillərinin açarları təqdim olunub.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak ediblər.
Səbuhi Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib. O, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, köçürülən sakinlər üçün bütün zəruri sosial infrastruktur yaradılıb və onların rahat yaşayışı üçün şərait təmin olunub.





Bizim.Media































































































