Nazirlər rayonlara gedir, narazılıqlar isə azalmır

Nazirlər rayonlara gedir, narazılıqlar isə azalmır

Hazırda oxunan: Nazirlər rayonlara gedir, narazılıqlar isə azalmır

50057

Azərbaycan hökuməti 2011-ci ildən nazirləri bölgələrdə səyyar qəbula göndərir.  Tarixə “Ərəb baharı” kimi düşən  inqilabların Azərbaycan iqtidarını da “domino effekti”nə qoşa biləcəyindən qorxan mövcud hakimiyyət əyalətlərlə işləməyə başladı. 


Rayonlarda narazı vətəndaşlarla görüşlər keçirilir, əhalinin şikayəti dinlənir, problemləri qismən də olsa həll edilir. Elə ehtimal olunurdu ki, nazirlərin rayonlara səfərləri mövsümi xarakter daşıyır. Ancaq 3 ildir ki, bu proses davam edir. 

Amma camaatın şikayəti azalmır ki, azalmır. Əksinə, yerlərdə narazılıqlar günbəgün artır. Bunun bariz nümunəsidir ki, bugünlərdə baş prokurorun Ağstafada keçirdiyi qəbula təkcə Gədəbəyin Söyüdlü kəndindən 56 nəfər şikayətçi gedib.

Bir kənddən bu qədər narazının olması bütün regionlardakı vəziyyəti ehtiva edir. Üstəlik, nazirlərin bölgələrə göndərilməsi ilə yanaşı “ASAN xidmət” layihəsi də fəaliyyətdədir. Bununla belə, iqtidarın siyasi sistemi o dərəcədə köhnəlib ki, hər tətbiq olunan yenilik idaretmədə inqilabi dəyişikliyə nail ola bilmir. 

Göründüyü kimi, vətəndaşlar yenə də narazıdır, insanların haqları tapdanır, yerlərdə məmurlar camaata “qan uddurur”, şikayətlər regionlardan mərkəzə ya çatmır, ya da çatanda icra hakimiyyəti tərəfindən şikayətçi cəzalandırılır, təzyiqlə üzləşir. 

*   *   *  


Hüquq müdafiəçisi Səadət Bənəniyarlı qeyd etdi ki, şikayətlərin 45 faizi bölgələrdən daxil olursa, 60 faizi paytaxta aiddir. Hüquq müdafiəçisinin sözlərinə görə, insanların daha çox narazılığı məhkəmə qətnamələri, sifarişli hökmlərlə bağlıdır. 

S.Bənəniyarlı bugünlərdə çıxarılan bir hökmü nümunə göstərdi: “Hamilə bir qadın ona təcavüz etmək istəyən adamdan müdafiə olunarkən əlindəki qayçı ilə ona xəsarət yetirib, həmin şəxs ölüb. İndi məhkəmə 5 körpəsi olan, hamilə qadına 7 il həbs cəzası verib. 
Biz məhkəmələri diqqətli olmağa çağırırıq. O qadının əvvəllər məhkumluğu olmayıb, hamilədir, körpələri var. Məhkəmə bunların heç birini nəzərə almadı". Hüquq müdafiəçisi onu da bildirdi ki, “ASAN xidmət” fəaliyyətdə olan gündən bu istiqamətdə şikayətlər azalıb: “İnsanlar heç bir maneə ilə üzləşmədən qanuni şəkildə problemini həll edir”. 


Siyasi şərhçi Natiq Mirinin prosesin gedişinə analizi belədir: “İdarəetmədə davranış etikası kökündən dəyişməlidir. İnqilabi səviyyədə dəyişiklik olmalıdır ki, problemlər qalmasın. Bizim gördüyümüz budur ki, nazirlər görüşlərə gedərkən razılaşdırılmış şikayətçilər qəbul edilir. 

Onların müəyyən problemləri həll olunsa da, narazı elektoratın şikayətləri dinlənilmir. Hətta nazirlərlə həmin şikayətçilər razılaşdırılır. Onların bundan xəbəri olur. Beləcə problem üstünə problem gəlir, narazılıq böyüyür. İmitasiya xarakterli görüşlərin yerinə davranış etikasını kökündən dəyişən bir sistem gətirilməlidir".

N.Miri yerli icra orqanlarının da bu işdə payı olduğunu düşünür: “Əgər yerli icra hakimiyyətləri əhalinin problemlərini həll etsəydi, nazirlərin rayonlara getməsinə zərurət yaranmazdı. Bu problemlər icra orqanlarının qanunsuz işlərindən, onların rüşvətsiz iş görməməsindən yaranıb. Hüquqi prosedurlar yerinə yetirilməsə, belə də davam edəcək, şikayətlər azalmayacaq”.
Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO