Təhsil naziri Mikayıl Cabbarov “Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb. Əmrdə Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcəyi qeyd edilib. Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkan "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müəllim adını və şərəfini uca tutacagıma and icirəm" deyərək and içəcək.
Moderator.az-a açıqlama verən təhsil eksperti Etibar Əliyev bu yeniliyi təqdir etsə də, onun nəticələri haqqında fikir söyləməyin tez olduğunu bildirdi:
“Həkimlər and içir, lakin bu o demək deyil ki, onlar tam vicdanlı şəkildə işləyirlər. Bir çox ölkələrdə müəllimlərin and içməsi nümunəsi var və Yaponiya örnəyi daha əhəmiyyətlidir. Bu ölkədə müəllimlər müəllim peşəsinə vicdanla yanaşacaqlarına, müəllim üçün zəruri olan bütün keyfiyyətləri özlərində əxz edəcəklərinə, hər zaman müəllim şərəfini uca tutacaqlarına and içirlər. Lakin Azərbaycanda bunun nəyi dəyişəcəyini bəribaşdan söyləmək olmaz. Müəllim özü ilk növbədə ali məktəbi yüksək səviyyədə bitirməli, yaxşı təhsil almalı, öz işinə vicdanla yanaşmalıdır. O, bundan sonra and içməlidir. Bütün bunlar olmaya-olmaya müəllim and içərsə, bu, andiçmə prosesinin pozulmasına gətirib çıxardacaq. Mən bu yeniliyi təqdir edirəm, amma bunun hansı effekt verəcəyini söyləyə bilmərəm. Müəllim içdiyi andı pozarsa, ona qarşı hansı sanksiyalar tətbiq olunacaq? Müəllim savadsızdırsa bu and nəyi dəyişəcək? Ortada bu kimi ciddi məsələlər var”.
Seymur Əliyev










































































































