Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi sentyabrın 23-dən 22-nə, qeyri-iş gününə keçirilmişdi.
“Media forum” saytı sentyabrın 23-də məsələ ilə bağlı Lənkəran Rayon Məhkəməsinə yazılı müraciət edib, məhkəmənin nəyə görə təyin edildiyi vaxtdan bir gün əvvələ, bazar gününə keçirilməsi ilə maraqlanıb.
Ancaq məhkəmə qanunda nəzərdə tutulmuş bir həftə müddətində “Media forum” saytının suallarını cavablandırmayıb (“İnformasiya əldə etmək haqqında” qanunun 24-cü maddəsinə görə, informasiya sorğusu ən qısa müddətdə, 7 iş günündən gec olmayaraq icra edilməlidir). Saytın əməkdaşları dəfələrlə əlaqə saxlasalar da, məsələ ilə bağlı konkret cavab ala bilməyiblər.
Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tutub. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.
İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb.





































































































