Hər bir insanın
öz vicdanı qarşısında hesabat verməsini ən adi etik və mədəni kriteriyalarla
cilalanmış normal məntiqin uğurlu jestlərindən biri kimi dəyərləndirirəm. Bunu
həm də alicənablığın, kübarlığın, əxlaqın, bir sözlə, insani keyfiyyətlərin
zaman-zaman yaşamaq hüququ qazanmış danılmaz parametrləri kimi də xarakterizə
etmək mümkündür. Həyatın dinamikliyi, hadisələrin sudan çıxmış balıq bədəninə
bənzər sürüşkən xarakteri, fakt bolluğunun yaratdığı informativ stresslər
nəhayət, söz və vicdan azadlığının doğurduğu fasadlar, təəssüf ki, bir sıra
adamlarda eyforiyaya qapılmaq, kələfin ucunu itirmək, atdığın addımın, dediyin
sözün həqiqi mahiyyətini ya anlamamaq, ya da qəsdən arxa plana ötürmək
kimi ziyanlı vərdişlər formalaşdırır. Belələri bir qayda olaraq
qısqanclığı hiyləgərliklə pərdələyərək qəzəbdən «həqiqət», intiqamdan «ədalət»
yaratmağa can atır və bu zaman özlərini cəmiyyətə fədakar «qəhrəman» obrazında
təqdim etməyə çalışırlar.
Görünür, bir
qism toplumun öz həqiqi yatarında formalaşması, öz həqiqi statusunu müəyyənləşdirməsi,
öz həqiqi qiymətini tanıması üçün zamana ciddi ehtiyac var. Bu həm də indiyədək
dəfələrlə oxucularımın, tərəf müqabillərimin, xüsusilə də, «Ehtiyatda və
İstefada olan Zabitlər» İctimai Birliyinin sədri kimi tanıdığımız Yaşar
Cəfərlinin diqqətinə çatdırdığım və konkret faktlarla əsaslandırdığım
iddialarımın məntiqi sonluğudur.
Təəssüf ki,
danışacağım mövzu haqqında indiyədək kifayət qədər tutarlı arqumentlərlə çıxış
etməyimə baxmayaraq Yaşar Cəfərli kimi bəzi yalançı dil pəhləvanları hələ də öz
məkrli niyyətlərindən əl çəkmir, cəmiyyətin sadə və səmimi nümayəndələrini
aldatmaqla məşğul olurlar. Yaxın günlərdə adı çəkilən «hüquq müdafiəçisinə»
ünvanladığım açıq məktubun bu adamda ən azı bəzi ciddi məsələrərə ciddi
münasibət formalaşdıracağı ilə bağlı bəslədiyim ümidlərim, gözləntilərim də
artıq özünü doğrultmayıb. Əlbəttə, əziyyətimə heyfim gəlir, ancaq məktubumun,
necə deyərlər, mürəkkəbi qurumamış yenidən rəhbəri olduğu saytda «gündəmə
gələn» Yaşar Cəfərli məni eyni mövzuya bir daha yenidən qayıtmağa vadar etdi. Tribuna
həvəskarının eyni sözləri dayanmaq bilmədən təkrarlamasına, obyektivlikdən,
dürüstlükdən kənar arqumentlərinə, bir sözlə, şər-böhtan dolu çıxışlarına
aydınlıq gətirmək, həqiqəti üzə çıxarmaq mənim həm də peşə borcumdur.
Əvvəla, rəhbəri
olduğu internet saytında Yaşar Cəfərlinin öz-özünə «müsahibə verməsini», öz
məqsəd və məramına uyğun suallar düzüb-quraşdırmasını və onları «dahiyanə» bir
tərzdə şərh etməsini sanki birisinin güzgü qarşısında dayanıb öz-özü ilə söhbət
etməsinə bənzətdim və burada ciddi bir sarkazmın, qeyri-ciddi bir jestin mövcudluğunu
hiss etdikcə, uğunub yerə yıxılmaqdan özümü zorla saxladım. Yaşar Cəfərlinin
kütləvi informasiya vasitələrilə bağlı təsəvvürləri də, şübhə etmirəm ki,
onun bugünkü Azərbaycan ordusu haqqında düşüncələri qədər yanlış və bəsitdir. Digər
tərəfdən, əgər o, müsahibə verməyə əli qələm tutan ortabab bir jurnalist belə tapa
bilmirsə, onda şəxsən mən ona cavabını çoxdan gözlədiyim bir neçə sualla
müraciət etmək istəyirəm:
- Əgər siz
özünüzü peşəkar bir hərbçi kadr hesab edirdinizsə, bəs nəyə görə «Hərbi
xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi ilə, yəni xidməti
uyğunsuzluğa görə ordudan tərxis olunmusunuz və bu zaman həmin sənəddə qeyd
olunanlarla razılaşdığınızı şəxsən öz əlinizlə, şəxsən öz mübarək xəttinizlə,
imzanızla təsdiq etmisiniz!?
Yaxud digər bir
sual:
- Müdafiə
Nazirliyinin Kadrlar və Hərbi Təhsil idarəsində komplektləşdirmə şöbəsinin
rəisi- idarə rəisinin müavini vəzifəsində xidmət edərkən, hansı məqsədlə
mühəndislik üzrə ixtisaslaşmış bir zabiti kəşfiyyat hərbi hissəsinə göndərmiş,
yaxud stomatoloqu ümumi müalicə həkimi vəzifəsinə təyin etmisiniz!?
Bütün bunlar
Yaşar Cəfərliyə vermək istədiyim çeşid-çeşid sualların yalnız cüzi bir
qismidir. Vaxtı çatanda hamısını bir-bir ona ünvanlayacağam. Ancaq indi bu
yazıda məqsədim Y.Cəfərlinin kütləvi informasiya vasitələrinin dövriyyəsinə
buraxdığı faktlara aydınlıq gətirməkdir. Söhbətin hərbi həkim ixtisasından keçdiyi
bir məqamda isə, yeri gəlmişkən, onun bu günki tibb xidmətilə bağlı
sicilləməsini də şərh etmək istərdim.
Heç kimə sirr
deyil ki, Silahlı Qüvvələrimizdə indiyədək əldə etdiyimiz uğurların böyük bir
qismi məhz hərbi səhiyyəmizin payına düşür. Son vaxtlar müvafiq sahədə
aparılan islahatlar, kadr və struktur dəyişikliyi, o cümlədən ən müasir Avropa
standartlarına cavab verən yeni tibbi qurğu və avadanlıqların alınması
adı çəkilən müalicə müəssisəsinə müraciət edən hərbi qulluqçuların
sağlamlığına tam zəmanət verir. Bu günlərdə yeni müalicə korpusunun açılışında
şəxsən Azərbaycan Prezidentinin iştirakı isə dövlət başçımızın hərbi tibb
xidmətinə göstərdiyi etimadın ən bariz nümunəsidir. Belə olan halda Yaşar
Cəfərlinin bir budaqda oturub min budağı silkələməsinə, görəsən, su
bulandırmaqdan özgə nə ad vermək olar!
O ki qaldı
orduda insanların haqlarının tapdalanmasına, bəri başdan bildirim ki, heç bir
həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu Y.Cəfərlini onun adından danışmağa
vəkil tutmayıb. Belə bir adamın orduda vicdanla Vətənin keşiyini çəkən minlərlə
zabitin adından danışmağa, ümumiyyətlə, nə mənəvi, nə də hüquqi haqqı var! Onun
ordudan tərxis olunmuş bir qrup ehtiyatda və istefada olan hərbi qulluqçunun
etimadından sui-istifadə etməsi isə, səsləndirdiyi qeyri-ciddi arqumentləri
kütləvi informasiya vasitələrinin dövriyyəsinə ötürməyə qətiyyən əsas vermir.
Belə faktlardan
biri də guya 1998-ci ildə müdafiə nazirinin döyüş bölgəsində xidmət edən hərbi
qulluqçulara verilən üçqat əmək haqqının ikiqat əmək haqqı ilə əvəzlənməsini
nəzərdə tutan qanunsuz əmridir. Bu barədə dəfələrlə izahat verməyimizə
baxmayaraq, Y.Cəfərli yenə də öz ampluasından çıxış edir, yenə də ictimaiyyətin
fikrini çaşdırır və bu yolla öz çirkin məqsədinə çatmağa çalışır. Məsələ
burasındadır ki, «Hərbi qulluqçuların vəzifə maaşlarının və hərbi rütbəyə görə
maaşlarının artırılması haqqında» Azərbaycan Prezidentinin 30 may 1998-ci il
tarixli sərəncamına əsasən 1 iyun 1998-ci il tarixdən hərbi qulluqçuların
vəzifə maaşları 3,5 dəfə, hərbi rütbəyə görə maaşları isə 2 dəfə artırılmışdır.
Həmin sərəncamın 3-cü bəndinə əsasən Müdafiə və Milli Təhlükəsizlik
Nazirliklərinin tabeliyində olan hərbi qurumların, Daxili İşlər Nazirliyi
Daxili Qoşunlarının və Azərbaycan Respublikası Prezidenti Yanında Xüsusi
İdarənin döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularının vəzifə və
rütbə maaşları ikiqat məbləğdə ödənilir. Göstərilən sərəncama əsasən Azərbaycan
Prezidentinin 31 mart 1992-ci il tarixli fərmanının döyüş əməliyyatlarında
iştirak edən hərbi qulluqçuların pul vəsaitinin üçqat məbləğdə ödənilməsini
nəzərdə tutan 3-cü bəndi qüvvədən düşmüş hesab edilmişdir.
İstifadə
edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasına görə Müdafiə naziri
tərəfindən imzalanmış müvafiq əmrlə bağlı Y.Cəfərlinin qeyd etdikləri də
boşboğazlıqdan, cəfəngiyatdan başqa bir şey deyildir. Belə ki, Azərbaycan
Prezidentinin 10 iyun 2010-cu il tarixli Fərmanına əsasən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli «Təqvim
ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində
növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili,
habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə
edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və
məbləğinin müəyyən edilməsi barədə» Qərarı qəbul edilmişdir. Nazirlər
Kabinetinin bu Qərarında kompensasiya ödənişinin həqiqi hərbi xidmətdən
buraxılımış və yuxarıda göstərilən Qanun qüvvəyə minən tarixədək hərbi qulluqçu
statusunu itirmiş şəxslərə şamil edilməsi barədə heç bir müddəa yoxdur. Bu
məsələyə aydınlıq gətirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən Milli Məclisə,
Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə sorğular göndərilmiş, lakin bu günə
qədər həmin sorğulara cavab verilməmişdir. Məsələnin tam çözülməsi isə,
əlbəttə, sorğuya cavab veriləndən həmən sonra mümkün olacaqdır.
Göründüyü kimi,
bu gün Müdafiə Nazirliyi rəhbərliyindən öz şəxsi ambisiyalarına görə qisas
almağa çalışan Yaşar Cəfərli kimi qeyri-ciddi adamların dedikləri heç bir
hüquqi bazaya malik deyil. Onun adı çəkilən güc strukturunda avtoritar
idarəetmə sistemilə bağlı uydurduğu yeni dahiyanə fikirlərini də müvafiq sahəni
öz təsir dairəsi altına almaq istəyən bir qrup işbazın növbəti təxribatı kimi
qiymətləndirmək olar. Bu yerdə yadıma maraqlı bir fakt düşür. Hindistanda elə
bataqlıqlar var ki, onların suyu qeyri-adi və əcaib görünür. Bu su heç bir
külək olmadığı halda ləpələnir. O yerdə ki, sakit olmalıdır, orada qaynamağa
başlayır. Biz suyun üzündə sanki ilk baxışdan səbəbsiz yerə əmələ gələn
ləpələri görürük, amma suyun altında üzən ilanları görmürük”¦
Yaşar
Cəfərlinin özü haqqında kifayət qədər yüksək fikirdə olmasını, eyforiyaya
uymasını anlamaq üçün onun hakimiyyət dəyişikliyilə bağlı söylədiklərini oxumaq
yetər. Belələrinin şər-böhtan dolu, əsasən qisasçılıq üstündə köklənmiş
yazıları və əsassız bəyanatları ilə ordumuzun gündən-günə artan imicinə ləkə
salacağına, əlbəttə, ağlı başında olan heç kim inanmır. Ən azı ona görə ki, bu
gün Azərbaycan Ordusunun sıralarında xidmət edən hər bir hərbi qulluqçu öz Ali
Baş Komandanı ilə fəxr edir, onun bütün əmr, göstəriş və təyinatlarına hörmətlə
yanaşır.
Mayor İbrahim
Rüstəmov,
Əməkdar
jurnalist
































































































