Bir nəfəri bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən son iclasda şahid E.Ə.-nin ilkin istintaq zamanı verdiyi ifadə elan olunub.
Şahid həmin ifadəsinə oxumadan qol çəkdiyini bildirib. Daha sonra E.Ə. məhkəmənin və vəkillərin suallarını cavablandırıb.
Zərərçəkən Şahpur Cəfərov "Bu adamı (təqsirləndirilən Nizami Əliyevə işarə edir) azadlığa buraxmayın. Mənim qanım yerdə qalmasın. Bunların hamısı üstümə düşüb məni döyürdü. Böyrümün isindiyini hiss edib geri dönəndə bıçağı E.Ə.-nin əlində gördüm", - deyə o, məhkəməyə səslənib.
Şahid E.Ə. verilən suallara "yadımda deyil, xatırlamıram" kimi cavablar verib.
Məhkəmə E.Ə-nin istintaq zamanı verdiyi ifadəsini elan edib:
"Atamla əminin evinə getdik. Sonra hamımız maşına minib Şahpurun dəmir sexinə yollandıq. Çatanda Nizami əmim maşından düşüb sexə getdi. Mən maşından düşmədim. Əmimin gəldiyini görüb maşından endim. Əmimin əlində tünd qəhvəyi dəstəkli bıçaq vardı".
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Nizami Əliyevin yeddi il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müttəhimin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses 30 iyuna təyin olunub.
Xatırladaq ki, hadisə 2024-cü il oktyabrın 6-da Bakının Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Qəsəbə sakini - 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 1969-cu il təvəllüdlü Nizami Əliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Nizami Əliyev Cinayət Məcəlləsinin 126.1 maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma) ilə məsuliyyətə cəlb olunub.
N.Əliyev arvadına bəzi mesajlar göndərdiyinə görə Ş.Cəfərovun işlədiyi dəmir alqı-satqısı obyektinə gedərək onu bıçaqlamaqda təqsirləndirilir.
Bizim.Media

































































































