Qələm əhli üçün bəzən elə mövzular olur ki, onu yazmaq, dilə gətirmək bəlkədə təzədən ölüb-dirilmək kimi bir şey olur. Bütün günü harada olmuşamsa, kimiylə görüşmüşəmsə, məni dərin tərəddüdlər müşayət edib ki, görəsən dostlarla, çoxsaylı həmkarlarımla bölüşmək istədiyim fikirlər doğru-düzgün anlaşılacaqmı? Özü də, bu elə bir həssas və elə bir incə mövzudur ki, onun haqqında bəlkə mən də bir neçə gün, ay səbr edib, sonra sizinlə bölüşməyə borclu idim. Amma, yaşadığın məmləkətin, dövlətininin inkişafını istəyən biri kimi hesab etdim ki, baş verənlərə tez bir zamanda münasibət bildirilsə, bəlkə də doğru olar. Hərçənd ki, bunun necə qəbul ediləcəyi də bir qədər narahatedicidir.xa0
Ən həssas və yaralı mövzu olan Şəhid və Şəhidlik mövzusuna toxunmaq istərdim. Düşünürəm ki, yazdıqlarımla bağlı mənə hökm çıxartmazdan əvvəl, dostlarım, yoldaşlarım və ən önəmlisi həmkarlarım tələsmədən bir 5 dəqiqə vaxt ayırıb nə demək istədiyimi anlasınlar, sonra isə fikirlərini yazsınlar, tənqid etsinlər. Bütün fikirlərə hörmətlə yanaşmağa çalışacağam və bəlkə də məni anlayacaq dostların sayı, məzəmmət edənlərin sayından çox olarsa, deməli narahatçılığımın əbəs olmadığına bir az toxtalıq tapmış olaram.xa0
Bilmirəm yaşdandır, bilmirəm zəmanədəndir, amma hiss edirəm ki, nə isə qaydasında deyil. Və belə gedişat bizi bir dövlət və xalq olaraq, millət olaraq irəliyə deyil, çox böyük xəyal qırığlığına aparır.xa0
Allah bu gün Şəhidlik zirvəsinə ucalaraq torpağa tapşırılan Ağstafalı Adil balamıza rəhmət eləsin, ailəsinə, doğmalarına, əzizlərinə səbr versin. Vətən yolunda öz canını qurban verməklə o balaca, çəlimsiz bir İGİD OĞLAN ailəsinə, 4 bacısına əbədi olaraq baş ucalığı, gələcəkləri üçün bir balaca yol-cığır açdı. Çox dərinə getmək istəmirəm. Ən azından yaxın aylarda əgər rayon və respublika səviyyəli məmurlar öz vəzifə borclarına bir qədər məsuliyyətli yanaşsalar, görəcəksiniz Şəhidlik zirvəsinə ucalmış OĞULUN həmən çox uğursuz və çox da urvatlı olmayan şəkildə təqdim edilən Şəhid Atasına özündən sonra qoyduğu hörməti və izzəti. Mən Qarabağ savaşının ilk günlərindən bu vaxta kimi minlərlə, bəlkə də bir neçə min şəxsən tanıdığım Şəhid Ailələri olub, onlar indi də var, sabah da olacaqlar. Nə qədər ki, qarşıda bizi əclaf və vicdansız bədnam qonşularımızla, onların havadarları ilə üzunmüddətli müharibə vəziyyəti gözləyir,biz Şəhid verməyə hazır olmalıyıq. O ailələrin hər hansı bir üzvünün Vətən yolunda canını qurban verməsi bir nə qədər onlar üçün faciəvidirsə, bir o qədər də başucalığı, cəmiyyətin sayılıb-seçilib üzvlərindən biri olmaları onların Uca Yaradan tərəfindən seçilmışlərdən olması deməkdir.xa0
Bineyi qədimdən və Azərbaycan adlı məmləkətin yarandığı dönəmdən ta bu dəqiqələrə kimi, bu belə olub və hələ ki belədir. Şəhidlik adı daha çox torpağa, elə, obasına bağlı olan SADƏ və ÇOX da zəngin olmayan ailələrin qismətinə düşüb. Niyəsini, nə üçünsünü xırdalamaq istəmirəm, şükür olsun ki, bu sətirləri oxuyan hər kəs o sualın cavabını gözəl bilir. Amma, bu sosial mediya əvvəllər olmadığına görə, son vaxtlar faktiki hər şeyin əl içində olması səbəbindən insanlar nə qədər inkişaf ediblərsə də, bir o qədər də korlanıblar. İndi çox rahat şəkildə evdə oturaraq dünyanın altına da, üstünə bələd olmaqla yanaşı hər şeydən anidəcə xəbərdar da olursan, ürəyin istəyən şəkildə o olaya münasibət də açıqlayırsan.xa0
Ancaq, mənim əzizlərim, inanın ki, çox işlərdə olduğu kimi, biz sosial mediyadan da tam şəkildə doğru-düzgün istifadə etməyi bacarmırıq. İnanıram ki, bu da zaman məsələsidir. Amma, bəzən "qaş düzəldən yerdə, gözü elə vurub çıxarırıq" ki, bir müddətdən sonra bəlkə də bu gün yazılanları oxuyanda çoxlarını xəcalət təri basacaq. Mən Şəhid atasını necə olursa olsun o şəkildə təqdim edilməsinin qəti əleyhinəyəm. Mən hər birinizin yanğısını başa düşürəm, amma içimdə dəli bir etiraz püskürür ki, axı mənim Şəhid Atası adını, mübarək Şəhid Ailəsi adını almış ailəni Uca Zirvələrə qaldırmaq istəyən həmyerlilərim, əziz dost və tanışlarım bəlkə də bilməyərəkdən, ona, bütövlükdə Azərbaycanlı İnsanına elə bir sağalmaz zərbə vurur ki, onun sağalması üçün illər də bəs etməz. Mən Şəhidimin Atasını, ailəsini, yaşayışını əsla belə təqdim etməyin tərəfdarı deyiləm. Buna dünya da baxır. Buna dostumuz da baxır, bizə zərbə vuran yaramaz erməni-rus bicbalaları, hər cəhətdən bizdən aşağı olan məxluqlar da baxaraq öz dünyalarında bəlkə də bizə rişxənd edərək acıyırlar. Əzizlərim, dostlarım, inanın ki, bugünkü olayla bağlı ilk dəfə deyil biz yazırırq, danışırıq. Məgər bir neçə il bundan əvvəl bizdə evin tək oğul(lar)ı cəbhədə həlak olmadımı? Və sonrakı baş verənlər nə tez yadınızdan çıxdı?xa0
Bəli, mən illərlədir bu məsələni deyirəm, yazıram, amma kimə deyirsən? Əlaqədar qurumlar, sanki başqa planetdə yaşayırlar. Və ağızlarını açanda Konstitusiyadan, qanunlardan danışırlar. Həmən o Konstitusiyamızda həmçinin insanın yaşamaq və digər hüquqları da təsbit olunub.xa0
Əvəllər bəzi ağzıgöyçəklər deyirdilər ki, bunun bir oğlu var onun davasını edir. Xeyr, əzizlərim, çox şükürlər olsun ki, mənim də tək oğlum o biri həmyaşıdları kimi əsgəri xidmətini yaxşı-pis keçdi, bu gün də özünün arzuladığı sahədə çalışır. Həyat davam edir. Bizim dünən də, bu gün də, sabah da Şəhidlərimiz olub, var və olacaq. Gəlin biz o Uca Varlıqların həm özlərinin, həm də ailələrinin, doğmalarının Mükəmməl bir təqdimatını edək. Hələliksə, məni bağışlayın sizə bir az narahatçılıq yaşatdığıma və yazdıqlarıma görə. Məncə biz bir çox işləri düzgün etmirik.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, ailələrinə, doğma və əzizlərinə isə hər zaman başlarını uca tutmağı nəsib etsin!
Üzeyir Cəfərov, Hərbi jurnalist










































































































