FHN “Kəpəz” komandasına ŞƏRT QOYUB: “Yeni stadion tikilməlidir”  

Hazırda oxunan: FHN “Kəpəz” komandasına ŞƏRT QOYUB: “Yeni stadion tikilməlidir”  

90576

Gəncənin futbol stadionunda bəzi hazırlıq işləri aparılsa da “Kəpəz” ev oyunlarını doğma divarlar arasında oynaya bilmədi. Fövqaladə Hallar Nazirliyi təhlükəli vəziyyətlə bağlı buna imza atmadı. Şəraitin tezliklə nizamlanacağına söz versələr də heç nə alınmadı.

İndi komanda ev oyunlarını da evsizlik şəraitində keçirmək zorundadır. Bu isə komandanın xərclərini birə beş artıraraq oyunçularda, eləcə də, komanda rəhbərliyində narazılıq yaradıb.

Bir müddət öncə məsələyə millət vəkillərinin də müdaxilə etməsinə baxmayaraq,  problem hələ də həllini tapmayıb.

“Kəpəz” FK-nın kapitan köməkçisi, futbolçu Əli Səmədovun Bizim.Media-ya verdiyi məlumata görə ev oyunlarını başqa stadionlarda keçirmək və doğma divarlardan kənarda oynamaq onları xeyli məyus edərək komandada ruh düşkünlüyü yaradıb:

“Komandamızın əsas məqsədlərindən biri də, keçirdiyimiz ev oyunlarında Gəncə əhalisinə zövq bəxş etmək və eyni zamanda hər topa toxunanda onların dəstəyini hiss etməkdir. Biz demək olar ki, ev oyunlarımızdan, azarkeş dəstəyindən məhrum olmuşuq. Azarkeşsiz futbol isə futbol deyil”.

Komandanın idman direktoru Mehman Allahverdiyev isə bildirib ki, əslində stadionda vəziyyət o qədər də kritik deyil: 

“Gəncə stadionunda sektorların birinci yarusunda aşağı hissədə 7-8 min adam əyləşə bilər və bu sektorlarda heç bir təhlükəli məqam yoxdur. FHN stadionun yuxarı hissəsini yararsız hesab edirsə, o hissələrin qapanması şərti ilə bizə stadionun digər hissələrindən istifadəyə icazə verilə bilərdi. Mənə elə gəlir ki, FHN stadionu bir daha diqqətlə incələsə, müəyyən şərtlər daxilində istifadəsinə icazə verilə bilər. Yerli stadionumuzun bağlı olması bizə həm maddi, həm də mənəvi tərəfdən xeyli ziyan vurur”.
“Kəpəz” FK-nın icraçı direktoru İlqar Nadirinin sözlərinə görə isə FHN Gəncə stadionunun yalnız sökülərək yenisi ilə əvəzlənməsi halında komandanın orada ev oyunları keçirə biləcəyini məqbul sayır:

“Problemlə bağlı Gəncə şəhər İcra Hakimiyyəti və millət vəkillərinə müraciət etdiyimiz zaman bizi anlayışla qarşıladılar, amma yeni bir stadion tikmək nə onların, nə də klub rəhbərliyinin həll edə biləcəyi bir məsələ deyil. Stadionun sökülüb yenidən tikilməsi uzun müddətdir ki, müzakirə olunur.

Problemlə bağlı AFFA öz adından Gənclər və İdman Nazirliyinə mürciət etsə də, nazirlik tərəfində müraciətə cavab verilməyib. Hazırda öz ev oyunlarını başqa stadionlarda keçirmək məcburiyyətində qalan “Kəpəz” FK ən ağır günlərini keçirməkdədir.

Komandaya təcili dəstək verilməlidir. Hazırda klubun büdcəsi dövlətin premyer liqasında iştirak edən hər bir kluba ayrılan 2 milyon manatdan ibarətdir. Təsəvvür edin ki, ev oyunlarımızı başqa stadionda keçirdiyimiz zaman klubun xərcləri ən azı üç dəfə artır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO