
- A-
- A
- A+
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı – VİDEO
Son günlər sosial şəbəkələrdə Göygöl rayonu Z. Abdullayev adına Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın davranışları ilə bağlı yayılan videomateriallar ictimai müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, müəllimin sosial şəbəkələrdəki paylaşımlarında nümayiş etdirdiyi davranış və işlətdiyi ifadələr pedaqoji etika, müəllim nüfuzu və peşə məsuliyyəti baxımından qəbuledilməzdir.
"Xüsusilə, G. Məmmədovanın məktəbdə canlı yayımlar açması, bu zaman tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməz hesab olunur.
Təhsil müəssisəsi ilk növbədə şagirdlərin təhsil aldığı, onların təhlükəsizliyinin, hüquqlarının və sağlam psixoloji mühitinin qorunmasının təmin edildiyi məkandır.
Bu mühitə xələl gətirən, tədrisin normal gedişinə mane olan davranışlar müəllimin peşə öhdəlikləri ilə uzlaşmır.
Bu peşə, eyni zamanda, yüksək davranış mədəniyyəti, etik məsuliyyət və şagirdlər üçün nümunə olmaq öhdəliyi yaradır. Müəllimin ictimai və peşə fəaliyyətində bu prinsiplərə riayət etməsi təhsil mühitinə olan etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Məlumata görə, qeyd olunan hallar və əmək münasibətlərini tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınaraq G. Məmmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, G.Məmmədova sosial şəbəkələrdə paylaşımlar edərək direktordan şikayət yaymışdı. O, həmçinin dərs cədvəlinin xəbərdarlıq edilmədən dəyişdirildiyi barədə də iddialar səsləndirmişdi.
Fəridə, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































