“Boston Herald” qəzeti: “ABŞ Ermənistanı Azərbaycanla sülh müqaviləsinə inandırmalıdır”

Hazırda oxunan: “Boston Herald” qəzeti: “ABŞ Ermənistanı Azərbaycanla sülh müqaviləsinə inandırmalıdır”

75505

“ABŞ Ermənistanın çətin vəziyyətdə olan baş nazirinə əl uzatmalıdır. Ermənistan Xarici İşlər nazirinin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşmək və mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalamaq üçün bu yaxınlarda səfəri hadisələrin başlanğıcıdır. Hər halda qarşıda daha çox ölkələrarası diplomatik dəstək olmalıdır. Rusiya Ermənistanı öz istəklərinə uyğun hərəkət etmədiyi üçün iqtisadi sanksiyalar tətbiq edərsə, ABŞ Ermənistanın yanında olduğu və yardım edəcəyi barədə təminat verməlidir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “Boston Herald” nəşri yazıb. Qəzet qeyd edib ki, hazırda Ermənistanda vəziyyət kritikdir:

“Artıq həftələrdir ki, Ermənistanda etirazlar baş alıb gedir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən minlərlə insan küçələrə axışıb. Moskvanın öz arxa bağçası kimi gördüyü Ermənistan Qərb hökumətlərini və xüsusən də ABŞ rəsmilərini narahat etməlidir. Əgər etirazçılar Paşinyanı devirməyə nail olsalar, Rusiya bu ölkəni Ukraynadan fərqli olaraq daha asan ələ keçirəcək. Bu işğal yolu ilə olmayacaq, amma məsələ effektiv ilhaq ilə nəticələnəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Ermənistan komissiyasının iclası niyə baş tutmayıb? - Mirzoyan səbəbini açıqladı


“Boston Herald” qeyd edir ki, indi İrəvan küçələrində at oynadan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan tamamilə Rusiyanın adamıdır. Rusiyanın Ukraynaya hücumundan bir neçə gün əvvəl o, Ermənistanı Moskvanın rəhbərlik etdiyi birlik dövlətinə qoşulmağa çağırıb. Köçəryan təkcə Rusiyanın həvəskar tərəfdarı deyil, həm də müştərisidir.

O, uzun müddətdir ki, ölkənin ən böyük investisiya şirkətlərindən biri olan “Sistema”-nın idarə heyətində oturub. Sözügedən şirkət 2020-ci ildə cinayət ittihamı ilə üzləşib.

Nəşr qeyd edir ki, indi İrəvanda baş verənlərin motivi Qarabağdır. Revanşist qüvvələr Qarabağın region üçün həssas məqam olduğunu yaxşı bilir və bu faktordan yaralanmaq istəyirlər.

“İki il əvvəl baş vermiş qısa münaqişə nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini geri qaytardı. Onilliklərlə davam edən münaqişənin qarşısındakı kritik maneəni aradan qaldırdıqdan sonra, rəsmi şəkildə sülh nizamlanmasına nail olmaq üçün səylər formalaşır və kompromislər lazım olacaq. Ermənistan Azərbaycan üzərindəki ərazi iddialarını orada yaşayan etnik ermənilərin formal müdafiəsi üçün ləğv etməlidir. Görünən isə odur ki, güzəşt sözünün özü belə nümayişçilərin etiraz etdiyi şeydir”.

Nəşr yazır ki, Paşinyan tək qurtuluş yolunu yalnız etirazçıların tələblərinə tabe olmaqda və sülh sazişini pozmaqda görə bilər.

Bu halda isə Moskvanın bölgədəki təsirini qoruyacaq. ABŞ Paşinyanı kursa sadiq qalmağa inandırmalıdır:

“Sülh müqaviləsi həm də Ermənistanın Rusiyadan iqtisadi asılılığını aradan qaldıracaq, nəinki şərqdə Azərbaycanla sərhədləri, həm də qərbdə Türkiyə ilə sərhədləri açılacaq. Cənubda İran yerləşir, ərazinin əlçatmazlığı ticarət üçün əlverişsizdir. Ankara 1990-cı illərdə müttəfiqi Azərbaycana dəstək olaraq Ermənistanla diplomatik əlaqələri kəsib. Hər iki dövlət ilə ticarət və yenidən əlaqələrin qurulması Rusiyanın ərzaq və pul köçürmələri asılılığından uzaqlaşmaq imkanı verə bilər.

Belə ki, Ermənistan buğdanın 99%-ni Rusiyadan alır, əlavə olaraq ÜDM-in 5%-ni orada yaşayan əməkçi mühacirlərinin pul köçürmələri şəklində alır. Təbii qazla zəngin Azərbaycan həm də Rusiya enerjisindən imtina deməkdir. Külək və su ilə zəngin Qarabağdan bərpa olunan elektrik enerjisini də nəzərə almaq lazımdır.
Ermənistan belə bir asılılıqdan qurtulduqdan sonra Rusiya hökumətin başında kimin oturmasından asılı olmayaraq, onun iradəsi altında əzilməyəcək”.

Qəzet sonda qeyd edir ki, hətta güzəştlər bahasına olsa belə, ABŞ Ermənistana Azərbaycanla sülh sazişini və Türkiyə ilə paralel yaxınlaşmanı güclü təşviq etməli və dəstəkləməlidir. Yalnız bundan sonra uzunmüddətli perspektivdə Ermənistan Rusiyanın orbitindən çıxa bilər.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO