Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edildi – RƏSMİ

Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edildi – RƏSMİ

Hazırda oxunan: Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edildi – RƏSMİ

617351

Dubay şeyxinin qardaşıoğlunun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı üç qızı ilə bağlı qəyyumluq mübahisəsinin dərinləşdiyi bir vaxtda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dubay Prokurorluğundan “BBC”yə məlumat verilib.

Bildirilib, Cavadlı keçmiş həyat yoldaşı, Dubay şahzadəsi Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun şikayəti əsasında nəzarətə götürülüb.

Dubay Prokurorluğu bildirir ki, keçmiş əri onu məhkəmənin təsdiqlədiyi görüş zamanı uşaqları qaçırmaqda ittiham edib. Ötən il də eyni məzmunlu şikayət polisə təqdim olunmuşdu. Tərəflər bir-birini dəfələrlə uşaqları qanunsuz olaraq aparmaqda günahlandırıblar.
 

Xatırladaq ki, bir neçə gündür Zeynəb Cavadlı və övladları ilə əlaqənin kəsildiyi bildirilirdi. Ailəsi və yaxınları onun harada olması ilə bağlı narahatlıqlarını ifadə etmişdilər.


Məlumata görə, Cavadlı son aylarda təhlükəsizlik qüvvələrinin onu saxlayacağı və uşaqlarını əlindən alacağı qorxusu ilə evdən nadir hallarda çıxıb.

Keçmiş beynəlxalq gimnast olan Zeynəb Cavadlı ötən il baş vermiş insidentlərdən birini sosial şəbəkədə canlı yayımladığı üçün BƏƏ-də kibercinayətlərlə bağlı ittihamlarla da üzləşə bilər.
 

O, daha əvvəl britaniyalı hüquq müdafiəçisi Devid Heyqə göndərdiyi videomüraciətdə bildirmişdi ki, uşaqlarını son dəfə görə biləcəyindən ehtiyat etdiyi üçün hadisəni canlı yayımlayıb və kömək istəyib.


Şeyx Səidin vəkilləri isə məhkəmədə Zeynəb Cavadlının uşaqlarını məktəbə göndərmədiyini, onların yaşaması üçün uyğun olmayan şərait yaratdığını və ən kiçik qızının sağlamlığını riskə atdığını iddia ediblər.

Dubay Prokurorluğu açıqlamasında iş üzrə araşdırmaların davam etdiyini və prosesin hüquqi müstəvidə aparıldığını bildirib.

Qurum qeyd edib ki, istintaq çərçivəsində bütün zəruri hüquqi tədbirlər görüləcək və uşaqların rifahı ilə maraqları əsas prioritet olaraq qorunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO