“Azərbaycan bu həftə regionun ən böyük enerji tədbirlərindən birinə ev sahibliyi etdi. Enerji Həftəsi çərçivəsində ilk dəfə təşkil edilən Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intelekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçdiyini göstərir. 7,5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksək səviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu əməkdaşlıq Azərbaycanda süni intelekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır:
"Bu ilin ilk rübündə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə artaraq 296 milyon dollara yüksəlib. Göründüyü kimi, ölkələr arasındakı strateji tərəfdaşlıq iqtisadi əlaqələrdə və eləcə də ticarət dövriyyəsində də özünü göstərib. İmzlanan müqavilələlər və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək.
Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir. Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək".
Millət vəkili qeyd edib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcmi qeyri-neft ümumi daxili məhsulunun 2.8 faizi informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür.
"Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir" - deyə deputat vurğulayıb.
Günay Şahmar, Bizim.Media

































































































