“Seçilərəmsə, bəzi regionlarda azad iqtisadi zonalar yaradacam”

“Seçilərəmsə, bəzi regionlarda azad iqtisadi zonalar yaradacam”

Hazırda oxunan: “Seçilərəmsə, bəzi regionlarda azad iqtisadi zonalar yaradacam”

34181

 “Dövlətin sərəncamlarla idarəsinə son qoyacam”

Sərdar Cəlaloğlu: “Xaricdə yaşayan bütün azərbaycanlılara Azərbaycan vətəndaşlığı verəcəm”

 Əvvəli ötən sayımızda

 -         Şübhəsiz. Biz insanlanları dövlət instansiyalardan asılılıqdan nə qədər çox azad ediriksə, bir o qədər həmin instansiyaların əhəmiyyəti azalır. Əksinə, biz vətəndaşların hüquq və azadlıqlarını dövlət məmurlarından nə qədər asılı ediriksə, həmin vəzifələrin həm qiyməti, həm əhəmiyyəti qalxır. Həm də bu vəzifələrin qiymət və əhəmiyyətini nəzərə alaraq məcbur olursan ki, ora ən yaxın adamını qoyasan. Məsələn, əgər DİN-nin bilinən mənada bir əhəmiyyəti yoxdursa, o zaman orada sənin və ya mənim doğma qardaşımın olmasının nə əhəmiyyəti var ki? Amma əgər DİN siyasi hakimiyyətin yeganə dayağıdırsa, o zaman əlbəttə ki, mən ora özümün ən yaxın adamını qoymalıyam. Əgər mən koalisyon hökumət yaradacağamsa və bu koalisyon hökumətdə təmsil olunan tərəflərə vəzifəli şəxsləri təyin etmək hüququ verəcəyəmsə, o zaman mən necə öz qohumumu həmin vəzifəyə qoya biləcəm? Məsələn, 30% yeri AXC və Müsavata verəcəm. Bu 30% yerdə kimlərin təmsil olunacağını onlar qərar verəcək. Belə olan halda onlar öz kadrlarını qoyub həmin vəzifələrə mənim qohumlarımı, yerlilərimi gətirməyəcəklər ki? Onlar özlərinin layiq bildiyi şəxsləri ora təyin edəcəklər. 30% də iqtidar təyin edəcək. Ortada cəmi 40% yer qalır. Yəni faktiki olaraq dövlət postlarına təyin edilənlərin 60%-i mənim komamdamdan olmayan, mənə qohum və dost olmayan insanlar təşkil edəcək. Belə olarsa, mən hətta 40%-lik yerin hamısına öz qohum və tanışlarımı yerləşdirsəm belə, bu, nəyi dəyişə biləcək? Bu balansla təşkil edilən hökumıətdə mənim qohum və tanışlarımın nə kimi effekti olacaq? Qohumbazlıq və yerliçiliyə yolo verməyəcəyini sözlə demək lazım deyil. Sən bunun mexanizmini ortaya qoymalısan. Bu mexanizm ortaya qoyulmayandan sonra mənim bu barədə nə deməyimin onsuz da bir əhəmiyyəti olmur. Mən indi ha desəm ki, yerlibazlıq, qohumbazlıq etməyəcəm, bu, özlüyündə əhəmiyyətsiz sözlərdir. Bunun ele bir mexanizmini ortaya qoymaq lazımdır ki, insanlar görsün ki, sən istəsən belə öz yerlilərini və qohumlarını vəzifəyə qoya bilməyəsən. Əgər mən protokolla beş nazir, on komitə sədri postuna kadr yerləşdirmək səlahiyyətini İsa bəyə verəcəyəmsə, ora öz qohumumu necə yerləşdirəcəm? Eyni  səlahiyyəti YAP-a verəcəyəmsə, bunu necə həyata keçirəcəm? Sistem elə qurulacaq ki, istəsəm belə nə yerlimi, nə qohumumu vəzifəyə gətirə bilməyəcəm.

 

-         Prezident seçiləcəyiniz təqdirdə azad biznes mühitinin yaradılması, iş adamlarının daha rahat və basqısız bir orttamda fəaliyyət göstərməsi üçün hansı addımları atacaqsınız?

 

-         Bazar iqtisadiyyatımnın əsas əlamətlərindən biri gəlirlərin paradoksal yerdəyişməsidir. Istənilən bazar iqtisadiyyatı ölkəsində milyanerlər bir günün içində ifals edib kasıblaşa bilərlər, kasıb, cibində 5 qəpiyi olmayan adamlar qəfildən ölkənin ən varlı adamına çevrilə bilər. Azərbaycanda isə 20 ildir ki, heç bir paradoksal yerdəyişmə yoxdur. Varlılar varlıdır, dilənçilər də dilənçi. Ona görə ki, Azərbaycanda bazar iqtisadiyyatı yoxdur. Biz iş adamlarını azad etmək üçün bazar iqtisadiyyatı prinsiplərinə keçməliyik. Nə qədər ki, Azərbaycanda bazar iqtisadiyyatı yoxdur, bu problemləri aradan qaldırmaq mümkün olmayacaq. Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edəndən sonra nə dövlət iş adamlarının faəliyyətinə müdaxilə edə biləcək, nə də iş adamı vergidən yayına biləcək. Əslində bu gün bir növ iş adamlarınıln özü bu şəraiti yaradır. Iş admları ona görə “yuxarılara” rüşvət verir ki, onların qarşısında gözü gölgəlidir. Digər səbəb isə bundan ibarətdir ki, “yuxarıların” razılığı olmadan onlar biznes fəaliyyəti ilə məşğul ola bilməzlər. Əgər Azərbaycanda azad iqtisadiyyat olsa, bunların heç biri baş verməz. Mən prezident seçiləcəyim təqdirdə Azərbaycanın bəzi regionlarında Dubayda olduğu kimi azad iqtisadi zonalar yaradacam. Çalışacam ki, bu prinsiplər Azərbaycan iqtisadiyyatına tətbiq edilsin. Belə olarsa iş adamlarının dövlətdən asılılığı olmaz.

 

-         Lakin maraqlıdır ki, Azərbaycanda yalnız iş adamları deyil, digər qəbildən olan insanların da dövlət orqanları və məmurlardan asılılığı kifayət qədər yüksəkdir.

 

-         Belə baxanda, Azərbaycandakı ayrı-ayrı təbəqələrin yalnız bir ümumi problemi var. Bizdə ifrat dövlətləşmə var. Dövlət hər yerə, hər işə müdaxilə edir. YAP-ın belə bir şüarı var ki, dövlət vətəndaşdan üstündür. Vətəndaş dövlətdən üstün olanda, o zaman dövlət vətəndaşdan nəyisə tələb edən deyil, nəyisə xahiş edən quruma çevrilir. Dövlət vətəndaşa deyir ki, zəhmət olmasa mənə pul ver ordunu saxlayım. Mənə pul ver sosial durumu yaxşılaşdırım və s. Norveç kralına hər bir norveçli bir kron, yəni qəpiyin yarısı qədər pul verir. Norveç kralı bu pulun hesabına fəaliyyət göstərir. Bu, o qədər az puldur ki, Norveç kralı öz ölkəsini təmsil etmək üçün başqa dövlətlərə gedə bilmir. Norveç kralı xalqa müraciət edərək xahiş etdi ki, bu vəsaiti bir kron da artırın ki, mən başqa dövlətlərə gedib öz dövlətimizi təmsil edə bilim. Bu pul kral sarayını saxlamaq üçün də yetərli deyil. Bu baxımdan gərək dövlət vətəndaşdan asılı olsun. Vətəndaş dövlətdən asılı olmalı deyil. Dövlət vətəndaşdan asılı olanda o zaman vətəndaş vergi də verər, cərimə də ödəyər və s. Lakin vətəndaş dövlətdən asılı olanda o, ya dövlətin əlində qaçar, ya da dövlət onun boğazını üzər.

 

-         Sizcə son illər xeyli sayda soydaşımızın Azərbaycanı tərk edərək əcnəbi ölkələrə üz tutmasında bu amilin də rolu varmı?

 

-         Azərbaycan vətəndaşlarının xaricə üz tutmasının iki sosial səbəbi mövcuddur. Bunlardan biri işsizlik, digəri isə sosial təminatsızlıqdır. Məsələn, Avropada hər kəs bilir ki, işləməsən belə dövlət sənə əmək haqqı verir. Avropa hər kəs bilir ki, uşağın saxlanılması valideynə deyil, dövlətə aid bir məsələdir. Orada ayda 500 dollar uşağa görə valideynə pul verilir ki, bu vəsait də onun bütün ehtiyaclarını qarşılamaq üçün yetərlidir. 18 yaşına çatana qədər həmin uşağın heç nədən korluğu olmur. Və ya əgər bir adam övladını itiribsə, işləmirsə, o zaman dövlət ona elə baxır ki, o, maddi baxımdan nə övlad itkisini, nə də işsizliyi hiss etmir. Işsizlərə 2 il ərzində əmək haqının 60-70%-i nisbətində əmək haqqı verilir. Əgər ayda əmək haqqı 10 min dolardısa, işsiz vətəndaşa 7 min dollar məbləğində vəsait verilir. Bu müddət ərzində isə sənə onlarla müxtəlif iş təklif edir. Belə bir dövlət sosial dövlətdir və bu dövlətlərdə insanlar bizim kimi dövlətin gözündən irağa düşmür, dövlət tərəfindən dışlanmırlar. Ölkədə işsizlik problemi də insanların bir çoxunu başqa dövlətlərə getməyə vadar edir. Biz işsizliyi aradan qaldırsaq və sosial dövlət qura bilsək, bu problemlər avtomatik olaraq aradan qlaxacaq. Azərbaycanda uşaqlara müavinət verilmir. Avropada uşaqlara həftədə 100 dollar verilir. Azərbaycanda isə dövlət uşaqlara görə valideynlərə 1 qəpik də olsun vəsait vermir. Buna görə də uşaqlar valideynin əlində alətə çevrilirlər. Uşağın yaşaması, problemlərini həll etməsi valideyndən asılı olur. Buna görə də Azərbaycanda valideyn istəsə uşağı ucuz əməyinə cəlb edə, onu sata, seksial zorakılığa məruz qoya bilər və s. Uşağı valideyndən xilas etmək üçün onu valideynin iqtisadi-sosial təminatından azad etmək lazımdır. Bu baxımdan mən prezident seçiləcəyim təqdirdə uşaq hüquqlarının genişləndirilməsi istiqamətində ciddi iş aparacam. Ailə büdcəsinin yaradılması, ailələrin müstəqilləməsi, o cümlədən ailələrin daha yaxşı dolanması üçün bütün zəruri addımları atacam. Əgər biz insanların sosial durumu yaxşılaşdırsaq, onların büdcəsinə neft pullarından lazımi vəsait ayıra bilsək, o zaman insanlar mənəvi-psixoloji baxımdan da rahat olacaqlar. İşsiz insan istəsə könüllü, yəni əməkhaqqısı ödənməyən əməklə məşğul olar. Və ya bir xobbi ilə məşğul olar və bilər ki, heç bir dolanışıq problemi yoxdur. Insanlar əminlik hissi ilə düşünəcək ki, neftdən və qazdan gələn pul mənim ailəmə çatır. Buna görə də hətta işsiz vətəndaşlar belə ölkəni tərk etmək haqqında düşünməyəcəklər. Lakin bu da bir həqiqətdir ki, insanların Azərbaycanı tərk etməsi üçün hüquqi səbəblər də var.

 

-         Bu səbəblər hansılardır?

 

-         Azərbaycanda qanunlar konsitusiyaya, sərəncamlar da qanunlara ziddir. Məsələn, Azərbaycan Konstitusiyasına görə Azərbaycan vətəndaşlarının sərbəst toplaşmaq hüququ var. Verilən qanunda isə bu hüququ məhdudlaşdırıblar. Qanunda yazılıb ki, filan-filan yerlərdə aksiya keçirmək olmaz, qalan bütün yerlərdə olar. Əslində hüquq dövlətdə bu proses dayanır. Indi görək Bakı Şəhər İcra Hakimiyyəti nə cür sərəncam verir. İcra hakimiyyəti sərbəst toplaşmaq haqqındakı qanuna əsasən qadağan olunmayan yerlərdə aksiya keçirməyi qadağan edir. Bu adamdan soruşan yoxdur ki, sən kimsən ki, Azərbaycan Konstitusiyası və Azərbaycan qanunundan üstün qüvvəyə malik olan sərəncam verirsən? Əgər sərəncam qanundan, qanun isə konstitusiyadan üstündürsə, belə bir ölkədə yaşamaq mümkün deyil. Təəssüf ki, Azərbaycanda bütün qanunlar konstitusiyaya ziddir, bütün sərəncamlar isə qanunlara ziddir. Buna görə də vətəndaşlar qeyri-hüquqi rejimdə yaşaya bilmirlər. Insanlar qanunları oxuyur və hansısa dövlət müsəssisəsinə üz tuturlar. Lakin idarəyə çatanda insanlara məlum olur ki, idarənin müdürü başqa cür sərəncam verib. Qanun əhəmiyyətsiz şeyə çevrilir və göydən asılı qalır. Belə bir cəmiyyətdə insan yaşaya bilməz.

 

-         Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

 

-         Mən Azərbaycanda dövlətin sərəncamlarla idarə edilməsini qadağan edəcəm. Qanunların konstitusiyanın mahiyyətinə uyğun verilməsinə çalışacam. Qanunların konstitusyon hüquqları məhdudlaşdıra bilməz, əksinə, konstitusyon hüquqları genişləndirə bilər. Konstitusiyanın 72-ci maddəsində birbaşa göstərilib ki, icra strukturlarının, məhkəmə orqanlarının, ali qanunverici orqanların heç biri heç bir ad altında konstitusiyada nəzərdə tutulan hüquqları məhdudlaşdıra bilməz. Məsələn, Təhsil Nazirliyi hicablı qızları məktəblərə buraxmır. Deyir ki, hicabla təhsil müəssisələrinə girmək olmaz, bu dini bir əlamətdir. Konstitusiyaya görə vətəndaşların təhsil hüququ var. Deməli, hicab adı altında Təhsil Nazirliyi insanların təhsil almaq azadlığını məhdudlaşdırır. Halbuki, Konstitusiyanın 72-ci maddəsinə görə təhsil naziri bu addımına görə məsuliyyət daşıyır. Lakin Azərbaycanda qanun və konstitusiyanın reqlamentasiyası olmadığına görə, yəni qanunun özündə həmin qanunun pozulduğuna görə məsuliyyət nəzərdə tutulmadığına görə, qanun və konstutisiya rahat şəkildə pozulur. Konstitusiyada qeyd olunur ki, bu konstitusiyanın müddəalarını pozan məsuliyyət daşıyır. Azərbaycanın bütün qanunlarına baxmışam, heç bir qanunda konstitusiyanı pozmağa görə məsuliyyət yoxdur. Burada konstitusiyanı pozana konkret necə il iş düşdüyü göstərilmir. Məsələn, sərbəst toplaşmaq azadlığı haqındakı qanunu pozduğuna görə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinə neçə il düşür? Yaxud təhsil naziri hicab adı ilə vətəndaşların təhsil almaq hüququnu pozursa, o neçə il azadlıqdan məhrum edilməlidir? Yaxud xəstəxanaya müalicəyə gedən pasient getdiyi xəstəxanada yanlış müalicə səbəbi ilə ölürsə və ya onu müalicə etmirlərsə, həmin səhiyyə sisteminin başında dayanan insanlara neçə il iş düşür? Bunların heç biri qanunda göstərilməyib. Biz elan edirik ki, Azərbaycanda hakimiyyət dəyişilməlidir. Lakin YAP elan edir ki, biz dövləti yaxşı idarə edirik və buna görə də hakimiyyətdə qalmalıyıq. Baxın, bir qüvvə yaxşı işləyir və əbədi qalmaq niyyətindədir. Koalisiya da istəmir. Öz fəaliyyətini mono tərkibdə davam etdirir. Onda konstitusiyada göstərilən vətəndşların dövlətin həyatında iştirak hüququ və seçmək hüququ necə həyata keçiriləcək? Madam ki, ölənə qədər sənsən və səndən sonra da oğlun hakimiyyətdə olacaq, konstitusiyada yer alan bu hüquqlar necə təmin ediləcək? Yenə deyirəm, ola bilsin ki, ölkəni həqiqətən də yaxşı idarə edirsən. Lakin konstitusiyanın mənə verdiyi seçmək hüququndan istifadə etmək istəyirəm.Əəgər sən ömürlük prezident olacaqsansa, mən necə seçə və ya seçilə bilərəm? Mən heç sənin partiyandan deyiləm. Lakin mənim konstitusiya ilə dövlətin həyatında iştirak etmək hüququm var. Sən isə bildirirsən k, mənim hakimiyyətim yalnız YAP-çılardan ibarət olmalıdır. Ondsa mən konstitusiyanın mənə verdiyi hüququ necə reallaşdıra bilərəm? Bu yanaşma və buna uyğun qəbul edilən qanunlar Azərbaycanda vətəndaşların dövlətin həyatında iştirak etmək, habelə seçmək hüququnu pozur.

 

-         Azərbaycanda daha hansı hüquqi problemlər mövcuddur?

 

-         Siyasi təşkilatlar və QHT-lər qeydə alınmır. Bu konstitusiyanın birbaşa 53-cü maddəsini pozur. Bu maddədə açıq şəkildə göstərilir ki, vətəndaşın cəmiyyətin həyatında iştirak hüququ var. Bir var birbaşa iştirak hüququ, yəni mən mitinqə çıxa bilər, toplumun işində yer ala bilərəm. Bir də seçkili orqanlar və kollektivlər vasitəsi ilə iştirak edə bilərəm. Azərbaycanda bunların hamısı qadağan edilib. Əgər belədirsə, o zaman konstitusiyanın qeyd edilən maddəsini pozduğuna görə Ədliyyə Nazirliyi məsuliyyət daşımalıdırmı? Daşımalıdır. Amma təəssüf ki, daşımır. Vətəndaşa verilən hüququ məhdudlaşdıran, konstitusiyada nəzərdə tutulmuş hüquqları öz sərəncamları ilə məhdudlaşdıran dövlət məmurları hökmən cəzalandırılmalıdır. Avropa məhkəməsi Azərbaycan hakimlərinin qəbul edilmiş qərarların yanlış olması ilə bağlı yüzlərlə qərar verib. Şəxsən mənim özümlə bağlı üç bu cür qərar mövcuddur. Lakin bu qərarların heç biri Azərbaycan məhkəmələri tərəfindən icra edilməyib. Həmin hakimlər öz qanunsuz əməllərini davam etdirirlər. Məgər belə bir dövləti hüquqi dövlət adlandırmaq olar? Əgər hüquqi dövlət mövcud olsa, vətəndaşı qeyri-qanuni surətdə azadlıqdan məhrum etdiyinə görə, vətəndaşın mənzilinə qeyri-qanuni girdiyinə görə, vətəndaşın ailə sirlərini yaydığına görə, vətəndaşı öldürdüyünə görə, vətəndaşın konstitusiya ilə nəzərdə tutulan hüquqları pozulduğuna görə və bu hüquqları 72-ci maddəyə əsasən qorumadığına görə, həm parlament, həm məhkəmə hakimləri, həm də lazım gələrsə prezident cəzalanmalıdır. Hüquqi dövlət o dövlətdir ki, lazım gələndə prezidentin özünə qarşı belə cinayət işi qaldırıb onu həbs edə bilirlər. Buna misal olaraq İsraili göstərmək olar. Orada prezidentin özünü belə həbs edirlər və ya istintaqa çağırırlar. Italiyada baş nazirin özünü həbs edib dama basırlar. Hüquqi dövlət budur.

 

-         Sizcə Azərbaycan konstitusiyasının özündə hüquqi dövlət adına hansısa boşuqlar və ya ziddiyyətlər mövcuddurmu?

 

-         Konstitusiya qarşısında insanların   bərabərlik prinsipi var. Azərbaycan konstitusiyasında qeyd edilir ki, hər kəs qanun qarşısında bərabərdir. Prezident haqqındakı qanunda isə göstərilir ki, prezident yalnız ağır cinayətlərlə bağlı məsuliyyətə cəlb edilə bilər. Bəs hanı qanun qarşısında bərabərlik? Əgər prezident yüngül qanun pozuntusu ilə bağlı məsuliyyət daşımırsa, bu məsuliyyəti mən daşıyıramsa, deməli prezident və mən qanun qarşısında bərabər deyilik. Baxın, konstitusiyanın özünün müddəaları bir-birinə ziddir. Konstitusiyanın 26-cı maddəsində qeyd olunur ki, hamı qanun qarşısında bərabərdir. Prezidentlə bağlı bölmədə isə qeyd edilir ki, Azərbaycan prezidenti yalnız ağır cinaytlər törədərkən məsuliyyətə cəlb edilə bilər. Beləliklə də prezidentə Azərbaycan Cinayət Prossesual Məcəlləsində nəzərdə tutulan bütün yüngül cinayətləri törətmək hüquqi verilib. Məsələn, prezidentin cibə girmək, xuliqanlıq etmək, ictimai asayişi pozmaqdır, kiçik oğurluq etmək və s. hüququ var. Bunların hamısını prezident edə bilər. Yəni Azərbaycan konstitusiyası bu hüququ prezidentə verir. Yəni prezident dövlətə xəyanət edə, adam pöldürə bilməz. Yaklnız belə ağı cinayətlər etsə, məsuliyyətə cəlb edilə bilər. Dünyanın hansı ölkəsində belə bir eybəcərlik var? Hüquqi dövlət odur ki, prezident də sıradan insanlar kimi eyni məsuliyyət daşısın. Hətta qanunla prezidentin bəzi hərəkətlərinə daha ciddi məsuliyyət qoyulmalıdır, nəinki vətəndaşa. Azərbaycanda isə əksinədir. Adi, heç bir savadı və səlahiyyəti olmayan, uzaq dağ kəndində kiçik bir xuliqanlıq edən adam məsuliyyətə cəlb edilir, lakin dövlətin başında duran bir insan bu məsuliyyətdən azad edilir. Məsələn, əgər sabah mən hakimiyyətə gəlsəm, mövcud konstitusiya mənə əsas verir ki, istənilən şəxsi təhqir et, istənilən şəxsə böhtan at, istənilən adama sataş, istənilən adamı döy, sən məsuliyyətdən azadsan. Indi siz deyin, belə dövlət olar? Insanlar məhz bu səbəbdən Azərbaycandan baş götürüb qaçırlar.

 

-         Hazırda xarici ölkə vətəndaşı olan azərbaycanlılarla bağlı da ciddi problemlər müşahidə edilməkdədir.  Onların Azərbaycanda qalması ilə bağlı kifayət qədər sərt və ciddi sənədləşmə tələb olunur. Hakimiyyətə gələcəyiniz təqdirdə xaricdə məskunlaşan azərbaycanlılarla bağlı hansı addımlar atacaqsınız?

 

-         Bu məsələ mənim milli siyasət konsepsiyama daxildir. Preziudentin millət və xalq adına atacağı hər bir addım birincisi millət və xalqın birliyinə xidmət etməlidir. Prezident azərbaycanlılara başqa millətlərdən fəırləndirən bir hüquq verməlidir. Dünyanın hər hansı bir yerində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Azərbaycanın vətəndaşı olmalıdır. Bu insanlar hansı ölkədə yaşamasından, hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq həm də Azərbaycan dövlətinin vətəndaşı olmalıdır ki, bir xalq kimi mövcud olsun. Mən prezident olacağım təqdirdə dünyanın hər yerində yaşayan azərbaycanlıları, hətta başqa millətdən olub Azərbaycanda doğulan vu Azərbaycanı öz dövləti hesab edən insanların hamısına ikili vətəndaşlıq verəcəm. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Məsələn, Gürcüstan azərbaycanlısı istər Gürcüstanda yaşasın, istərsə də Azərbaycanda, fərq etməz, ona Azərbaycan vətəndaşlığı veriləcək. Bu gün Rusiyada yaşayan azərbaycanlıların çoxu Rusiyanın əlində alətdir. Ona görə ki, Azərbaycan onlara vətəndaşlıq vermir. Belə bir məqamda Rusiya onları qovsa, bu həmin insanlar üçün ciddi problem yaradacaq. Biz Azərbaycanı dünyada yaşayan bütün azərbaycanlıların evi etməliyik. Mən prezident olacağım təqdirdə konstitusiyaya belə bir müddəanın salınmasına cəhd edəcəm ki, Azərbaycan dövləti dünyanın hər yerində yaşayan azərbaycanlıların hüquqlarının təminatçısıdır. Bir dövlət ki, Afrikada yaşayan azərbaycanlını qorumur, həmin dövlət özünü milli dövlət adlandıra bilməz. Milli dövlət millətin mənafeyinə xidmət edən dövlətdir. Millət isə dövlətdən kənarda da ola bilər. Milləti bir dövlətin sərhədlərinə sıxışdırmaq olmaz. Dövlət öz sərhədlərindən kənarda olan milli fərdlərin də hüququ və haqlarını qorumalıdır. Əgər Azərbaycan dövlətinin dünyadakı bütün azərbaycanlıaların  hüquqlarının təıminatçısı olduğu ilə bağlı müddəanı konstitusiyaya salsaq, o zaman heç bir ölkə deyə bilməyəcək ki, bizim daxili işimizə qarışma. Azərbaycan dövləti başqa dövlətləri tərk edən və ya orada lazımi təminat görməyən azərbaycanlılarla bağlı məsuliyyəti öz üzərinə götürməlidir. Təbii ki, bütün azərbaycanlılar qarşısında bir vəzifə qoymalıyıq. Bu, Azərbaycan dövlətinin nüfuzunu qaldırmaq, Azərbaycamn xalqının hüquqlarını müdafiə eləmək, Azərbaycan xalqının düşmənlərinə qarşı vahid cəbhədən çıxış etmək. Bu gün biz diaspordan Qarabağ probleminin təbliğində istifadə edirik. Lakin diasporun başına bir iş gələndə biz ona heç bir kömək etmirik. Bu, qəbuledilməzdir.

 Seymur Əliyev “Hürriyyət” qəzeti



 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO