
- A-
- A
- A+
Türkiyədə fond böhranı ilə bağlı istefa növbəsi ona çatdı
Adının fond böhranı ilə bağlı iddialarda hallanmasından sonra vəzifəsindən ayrılması tələb edilən Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) rəhbəri Şahap Kavcıoğlu istefa verib.
Bizim.Media xəbər verir ki, Kavcıoğlu qurumun daha çox nüfuzdan düşməməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan vəzifəsindən azad edilməsini xahiş etdiyini açıqlayıb.
“İndiyədək bizə bu vəzifələri həvalə edən hörmətli Prezidentimizə ən dərin minnətdarlığımı bildirirəm”, deyə o, əlavə edib.
Kavcıoğlu son dövrlərdə fond araşdırması çərçivəsində ortaya atılan iddialarla gündəmə gəlmişdi. Onun fond böhranından əvvəl iş adamı Emre Tezmendən 20 milyard Türkiyə lirəsi tələb etdiyi iddia olunurdu.
Bundan başqa, Kavcıoğluna Takasbank vasitəsilə 35 milyard lirə kredit vəd edildiyi, eləcə də bəzi bürokrat və siyasətçilərə məxsus səhmlərin qorunmasına cəhd göstərilib-göstərilmədiyi ilə bağlı suallar ortaya çıxmışdı.
ŞAHAP KAVCIOĞLU KİMDİR?
Şahap Kavcıoğlu Türkiyəli iqtisadçı, bankir və siyasətçidir. O, 1967-ci il mayın 23-də Bayburtda anadan olub. Doqquz Eylül Universitetinin İqtisadiyyat və İdarəetmə Elmləri fakültəsinin Biznesin idarə edilməsi ixtisasını bitirib. İstanbul Universitetinin Mühasibat İnstitutunda magistr təhsili alıb. Mərmərə Universitetinin Bankçılıq və Sığorta İnstitutunda bank işi üzrə doktorluq dərəcəsi əldə edib.
Peşə fəaliyyətinə bank sektorunda başlayan Kavcıoğlu uzun illər Halkbankda çalışıb və baş direktorun müavini vəzifəsini tutub. Bank sektorundakı fəaliyyətindən sonra siyasətə qoşulub və 2015-ci il parlament seçkilərində Ədalət və İnkişaf Partiyasından (AKP) Bayburt deputatı seçilib. Türkiyə Böyük Millət Məclisinin 26-cı çağırışında Bayburtu təmsil edib.
Deputatlıq fəaliyyətindən sonra VakıfBankın İdarə Heyəti sədrinin müavini olub. 2021-ci il martın 20-də Türkiyə Mərkəzi Bankının (TCMB) sədri təyin edilib və 2023-cü ilin iyun ayınadək bu vəzifədə çalışıb.
2023-cü il iyunun 9-da Bank Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) rəhbəri təyin edilib. Elmi fəaliyyətini də davam etdirən Kavcıoğlu 2014-cü ildə dosent, 2019-cu ildə professor elmi adını alıb. Ailəlidir, üç övladı var.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































