
- A-
- A
- A+
Fermerlərə ən çox sığorta ödənişinin edildiyi rayonlar açıqlandı – Siyahı
Bu ilin yaz-yay ayları xeyli yağıntılı oldu. Bu səbəbdən də fermerlər ciddi zərərlə üzləşdi.
Nəzərə alaq ki, artıq fermerlər sığortaya ciddi maraq göstərirlər. Ona görə də dəymiş zərər bir qayda olaraq Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.
Bəs, bu ilin 9 ayında fermerlərə nə qədər sığorta ödənişi edilib?
Məsələ ilə bağlı Aqrar Sığorta Fonduna sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Aqrar Sığorta Fondu tərəfindən 2026-cı ilin yanvar-sentyabr aylarında 1 milyon 872 min manat aqrar sığorta ödənişi həyata keçirilib:
“Fondun məlumatına görə, 254 baş mal-qaranın tələf olması səbəbindən təsərrüfatlara heyvandarlıq sığortası üzrə 1 milyon 362 min 177 manat sığorta ödənişi edilib.
Eyni zamanda müxtəlif bitkilər əkilmiş 764 hektar əkin sahəsinə zərər dəyməsi səbəbindən fermer və təsərrüfatlara bitkiçilik sığortası üzrə 510 min 153 manat zərər ödənişi edilib.
2026-cı ilin nəticələri göstərir ki, heyvandarlıq sahəsində zərərin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmələrlə əlaqədardır.
Əkin sahələrinə isə ən çox zərər vuran hadisələr dolu və sel-subasma olub.
2026-cı ildə aqrar sığorta ödənişləri 38 rayon və şəhərdə həyata keçirilib. İlk 9 ayda ən çox sığorta ödənişi edilən rayonlar Ağdaş, Goranboy, Ağsu, Kürdəmir və Saatlı rayonları olub.
Heyvandarlıq üzrə ən böyük sığorta ödənişləri isə Ağdaş, Goranboy, Ağsu, İsmayıllı, Kürdəmir və Saatlı rayonlarında həyata keçirilib”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































