
- A-
- A
- A+
Uçot aparılarkən birinin sayı, digərinin vəziyyəti qeydə alınacaq – 51 gündən sonra başlayır
Kompüter, noutbuk və planşetlərin uçota alınması əhalinin rəqəmsal texnologiyalarla təmin olunma səviyyəsini, eləcə də internetə çıxış imkanlarını müəyyənləşdirmək məqsədi daşısa da ortaya sual yaradacaq məqamlar çıxarır:
Uçot zamanı yalnız cihazların sayı nəzərə alınacaq, yoxsa onların texniki vəziyyəti də qiymətləndiriləcək? Yəni işləməyən, nasaz vəziyyətdə olan kompüter və planşetlər də siyahıya daxil ediləcəkmi?
Qeyd edək ki, yeni uçot prosesinə 2027-ci il yanvarın 1-dən başlanılacaq. Uçotu yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəlikləri aparacaq. Qaydalara əsasən, hər il yanvarın 1-dən 30-dək müvafiq ərazidəki bütün ev təsərrüfatları gəzilməlidir. Suallara ev sahibi və ya digər üzvü cavab verə bilər. Uçot kitabının ev təsərrüfatları gəzilmədən doldurulmasına yol verilmir.
Mövcud qaydalara əsasən, kompüter, noutbuk və planşetlərin yalnız növü və sayı qeydə alınacaq. Onların texniki vəziyyətinin yoxlanılması nəzərdə tutulmur. Kompüter və planşetlərin işlək olub-olmaması, texniki göstəriciləri, markası, modeli, yaddaş tutumu və qiyməti barədə məlumat tələb edilmir. Lakin nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üzrə həm ümumi say, həm də texniki cəhətdən saz vəziyyətdə olanların sayı ayrıca göstərilir.
Bu yanaşma nə dərəcədə obyektivdir? Ev texnikası ilə, kənd təsərrüfatı texnikası arasına niyə fərq qoyulur?
Mövzuya münasibət bildirən texnika üzrə fəlsəfə doktoru Rövşən Ağəliyev Bizim.Media-ya bildirdi ki, cihazın yaşı və texniki imkanları da əhəmiyyətlidir. İşlək olsa belə, köhnə kompüter müasir proqramları və rəqəmsal xidmətləri dəstəkləməyə bilər.
“Hesab edirəm ki, rəqəmsal vəziyyətin müəyyənləşdirilməsi zamanı yalnız evlərdəki kompüter, noutbuk və planşetlərin ümumi sayının qeydə alınması kifayət deyil. Onların texniki vəziyyəti və istifadəyə yararlılığı da nəzərə alınmalıdır. Çünki evdə kompüterin olması ilə həmin kompüterdən real istifadə imkanının olması eyni şey deyil.
Deyək ki, bir evdə 3 kompüter var. Lakin onların ikisi işləmir və ya ciddi təmirə ehtiyacı var. Uçot zamanı hər üçü qeydə alınarsa, həmin ailənin rəqəmsal təminat səviyyəsi olduğundan yüksək görünəcək. Halbuki ailənin gündəlik istifadə edə bildiyi cəmi bir kompüter var. Belə olanda da rəqəmsal bərabərsizlik yaranacaq”.
Mütəxəssis hesab edir ki, rəqəmsallaşma real göstəricilərə əsaslanmalıdır. Əgər statistikada evlərdə kompüterlərin sayı çox görünürsə, amma onlar istifadəyə yararsızdırsa, bu, ölkənin rəqəmsal imkanları barədə yanlış təsəvvür yarada bilər.
Kənd təsərrüfatı texnikası uçota alınarkən onun təkcə mövcudluğu deyil, texniki cəhətdən saz olub-olmaması məsələsinə gəlincə isə R.Ağaliyev bildirdi ki, traktorun, kombaynın və digər texnikanın sadəcə sayını bilmək aqrar təsərrüfatın real istehsal imkanlarını müəyyənləşdirmək üçün kifayət etmir. Çünki nasaz texnika siyahıda olsa da, faktiki olaraq istehsal prosesində istifadə edilə bilməz.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































