Ermənistanın Təbrizdə konsulluq açmaq planının PƏRDƏARXASI – “İran buna imkan versə...”

Ermənistanın Təbrizdə konsulluq açmaq planının PƏRDƏARXASI – “İran buna imkan versə...”

Hazırda oxunan: Ermənistanın Təbrizdə konsulluq açmaq planının PƏRDƏARXASI – “İran buna imkan versə...”

180483

Son vaxtlar İranın Azərbaycana qarşı təhdidləri xeyli azalıb. Xüsusilə də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılmasından sonra ikitərəfli münasibətlərdə nisbi sakitlik hökm sürürdü.

Belə bir ümid yaranmışdı ki, nəhayət, molla-fars rejimi “daşı ətəyindən” töküb Azərbaycanla dinc və mehriban qonşuluq şəraitində yaşamaq qərarı verəcək.

“Sən saydığını say, gör molla-fars rejimi nə sayır”

Ermənistan Xarici İşlər Nazirliyi ötən şənbə günü məlumat yaydı ki, İranın Təbriz şəhərində Ermənistanın baş konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.

“Məlumat veririk ki, hazırda hazırlıq işləri gedir. Nazirlik müvafiq olaraq növbəti dəyişikliklər barədə məlumat verəcək”.

Xatırladaq ki, Təbrizdə Ermənistanın konsulluğunun açılması yeni məsələ deyil. Bu barədə uzun illərdir ki, söhbət gəzir. Lakin Yeni il ərəfəsində bu məsələ barədə rəsmi açıqlama oldu.

Belə ki, dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə bəyan edildi ki, 2024-cü ilin ilk günlərində Təbrizdə Ermənistan konsulluğu fəaliyyətə başlayacaq.
Doğrudur, yanvar ayı başa çatsa da, bu hadisə baş vermədi. Amma fevralın son günlərində Ermənistan XİN məsələni yenidən gündəmə gətirdi. Deməli, Təbrizdə konsulluq açılması məsələsi İranın və Ermənistanın siyasi gündəliyindən çıxarılmayıb.

Bu isə ən azından təəssüf doğurur. Çünki fevralın 5-dən sonra belə bir ümid yaranmışdı ki, rəsmi Tehran Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkəcək və bir qədər səmimi olacaq. Amma görünən odur ki, İran hələ də öz bəd niyyətlərindən əl çəkməyib. Publika üçün açıq olmasa da, rəsmi Tehran İrəvanla bu istiqamətdə danışıqları davam etdirir. Belə olmasa idi, Ermənistan XİN bu qədər əminliklə danışmazdı. Yaxud da rəsmi Tehran məsələ ilə bağlı hansısa bir açıqlama verərdi.

Susmaq bütün hallarda razılıq əlaməti kimi qəbul edilir

Təbii ki, hansı şəhərdə hansı ölkənin konsulluq açması İranın öz bildiyi işdir. Amma Azərbaycana “dost və qardaş” deyirsə, onda İran qərarlarında diqqətli olmalıdır. Təbriz əhalisinin 95 faizi azərbaycanlılardır. Bu şəhər tarixi Azərbaycan dövlətlərin paytaxtı olub. Bundan başqa Təbriz şəhəri təkcə azərbaycanlılar üçün yox, bütün türk dünyası üçün başqa anlam daşıyır. Bunu İranın siyasi ideoloqları da yaxşı bilirlər. Ona görə də belə addımın atılması dostluğa, nə də ki, mehriban qonşuluğa sığmır.

Bundan əlavə, İran istəsəydi, ötən 30 ildə Ermənistanın istədiyi şəhərində öz konsulluğunu aça bilərdi. Eyni zamanda, Ermənistanın İranın müxtəlif bölgələrində konsulluğu açıla bilərdi. Amma son 30 ildə ağıla gəlməyən bu ideya son 3 ildə gündəmə gəlib. Bu da çirkin və bədxah niyyətlərdən xəbər verir. 

İran niyə məhz Qafanda konsulluq açdı?

Məlumdur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlanmayıb. Bunu bəhanə bilən ermənilər mütəmadi olaraq sərhədyanı bölgələrdə təxribatlar törədirlər. Bu təxribatlarla ermənilər öz aləmlərində göstərmək istəyirlər ki, “münaqişəni hər an yenidən alovlandıra bilərlər”. 

Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyindən də boyun qaçırır. Hansı ki, İran bu dəhlizi özünün “qırmızı xətti” adlandırırdı. Əslində, Qafanda, Zəngəzur dəhlizinin üzərində konsulluğun açılması da məhz buna hesablanmış addım idi.

Bəs, Ermənistanın konsulluğu niyə məhz Təbrizdə açılır?

Burda da təxribat əsas səbəbdir. Həm rəsmi Tehran, həm də rəsmi İrəvan Təbrizdə Ermənistanın konsulluğunu açmaqla quzeyli-güneyli azərbaycanlıların heysiyyatı ilə oynamaq istəyirlər. Çünki Təbriz təkcə azərbaycanlıların yaşadığı şəhər deyil. Təbriz azərbaycanlılar üçün çox-çox yüksək dəyərləri özündə birləşdirən bir mərkəzdir.

Ona görə də Təbrizdə konsulluq açmaqla bu bədnam cütlük öz aləmlərində azərbaycanlılara göz dağı vermək istəyirlər.
Onlar bu bədnam niyyəti gündəmə gətirməklə o taylı-bu taylı azərbaycanlıların nəbzini yoxlamaq istəyir. Təbrizdə və onun ətrafında baş verən proseslərə uyğun olaraq rəsmi Tehran həm də növbəti addımlarını müəyyən edir. 

Amma bütün hallarda molla-fars rejiminin bu taktikası mehriban qonşuluğa və dostluğa sığmır. Sadəcə olaraq, İran hökuməti edə bilmədiyini “edə biləcəyi” kimi təqdim etməklə Azərbaycana mesaj vermək istəyir. Amma hər kəs bilir ki, molla-fars rejimi Təbriz əhlindən və digər bölgələrdə yaşayan azərbaycanlıların qəzəbindən ehtiyat edir. 

Ola bilsin ki, Təbrizdə konsulluq açılacaq. Amma o konsulluğun ömrü o qədər də uzun ola bilməz. Bir gecədə o konsulluq yerlə-yeksan edilər. Bunu ermənilər də yaxşı bilir. Bildikləri üçün də qəti şəkildə irəli durmurlar. Təbii ki, bu cür fikirlər təxribat xarakteri daşıyır və heç bir real əsası yoxdur. Bu sadəcə növbəti təxribat, növbəti “siyasi gedişdir”.

Surxay Atakişiyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO