Rusiya - Ukrayna arasında yaşanan münaqişə Azərbaycanda da böyük maraqla izlənilir. Bir çoxları regionda mövqelərini gücləndirən şimal qonşumuzun Cənubi Qafqaza yönələ biləcəyindən ehtiyatlanır və proseslərin bizə də təsir edəcəyindən çəkinirlər. Bəs, görəsən, bu narahatçılığın əsası varmı?
Əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov Moderator.az-ın bu və digər
suallarına cavab verir.
- Biznes fəaliyyəti daha çox Rusiyayla bağlı olan
iş adamısınız. Bununla belə Ukraynaya da müəyyən investisiyalar yatırdığınız deyilir.
İndi bu iki ölkə arasında müharibə gedir. Bir iş adamı kimi baş verənləri necə qiymətləndirirsiniz?
- Əvvala, hər “deyilən” söz həqiqət deyil, mənim Ukraynada heç bir biznesim yoxdur, ikincisi, qoyduğunuz sualların cavabını ictimaiyyət elə sizdən də gözləyir. İş adamları də çox vaxt investisiya yatırmaq istədikləri ölkələrdəki vəziyyətlə daha çox KİV vasitəsiylə tanış olurlar. Siz isə xeyli zaman kəsimində müəyyən bərabərliklər yaşadığımız, eyni taleyi bölüşdüyümüz iki ölkə arasındakı münasibətlər barədə iş adamlarından soruşursunuz. Ümidvaram ki, tənqidi sözlərimdən incimirsiniz. Siz jurnalistlər bir çox məqamlarda hər kəsdən şanslı adamlarsınız. İstədiyiniz adamı tənqid edə bilirsiniz. Başqaları isə sizin nöqsanınızı üzə çıxaranda inciyirsiniz.
- Xeyr, əsla incimərəm. Mən tənqidə açıq adamam.
Buyurun tənqidi fikirlərinizi bildirin.
- Dediyim odur ki, hazırda Azərbaycan
jurnalistikası müstəqil araşdırma aparıb müxtəlif hadisələrlə bağlı ictimaiyyəti
obyektiv məlumatlandırmaq imkanlarına malik deyil. Dediyim kimi, ictimaiyyət məlumatları
sizdən öyrənir. Siz isə o məlumatları ya Avropa, ya da Rusiya kanallarından eşidib
yayırsınız. Bir çox hallarda isə bu məlumatlar tərəfsiz olmur, hansısa siyasi
iradənin maraqlarını ifadə edir. Beləcə,
bizim ictimaiyyət də hadisələrə başqa maraq dairələrinin gözündən baxmağa məhkum
olurlar. Mən indiyə qədər rast gəlməmişəm ki, bizim mətbuat nümayəndələri o
qaynar nöqtələrə gedib hadisələri öz gözləriylə görə və reportajlar
hazırlayalar.
- Haqlısınız, amma bunun obyektiv səbəbləri var.
- Başa düşürəm, deyəcəksiniz, bizim maddi
imkanlarımız qaynar nöqtələrə səfər etməyə, ordan obyektiv yazılar hazırlamağa
çatmır. Elədirmi?
- Bəli, başlıca səbəblərdən biri budur...
- Bu məsələni araşdırmaq, yeri gələndə həll etmək
olar. Təki jurnalistlərimiz lazım olduqda Donetskə, Slavyanskiyə və digər
hadisə yerlərinə gedib, oradakı hadisələri öz gözüylə görsün, obyektiv məlumatlar,
gözəl reportajlar hazırlayıb ictimaiyyətə təqdim etsinlər. Bizim bəzi
jurnalistlər isə ya xarici mətbuata istinad edib qeyri-obyektiv məlumatlar
yayır, ya da bilinməyən “etibarlı” mənbənin dilindən müxtəlif “xəbərlər” yayırlar.
Həmin qeyri-müəyyən “etibarlı” mənbələrə əsaslanıb əslində məlumat qıtlığı
üzündən mənasız, heç bir ictimai-siyasi əhəmiyyəti olmayan, xırda-xuruş, kimin
kiminlə evlənəcəyindən, boşanacağından yazırlar. Gələcəkdən proqnoz verdikləri
üçün zamanla verilən xəbərlər unudulur və buna görə də həmin hadisə baş
tutmayanda kimsə onları qınamır. Ciddi jurnalistika bu deyil. Ciddi
jurnalistika gözüylə gördüyünə, əslində proseslərdə əyani iştiraka istinad etməlidir.
Bu sözlərimi dost iradı kimi qəbul edin. Əlbəttə ki, fikirlərim hər kəsə şamil
olunmur. Azərbaycanda kifayət qədər ciddi jurnalistlər var. Mənim o insanlara həmişə
böyük hörmətlə yanaşmışam və bunu hər zaman, hər yerdə ifadə etmişəm.
Soruşsanız, özləri də təsdiq edərlər. Nə yazıq ki, mətbuatın maddi durumu
onların daha effektli fəaliyyət göstərməsi üçün münbit şərait yaratmır. Nəticədə
ciddi jurnalistika əvəzinə şayiəçilik ön plana çıxır. Tarixən belə olub, real
hadisəni daha dəqiq bilənlər, bu hadisədə iştirak edənlər konyuktur səbəblər
üzündən susanda ictimai fikri çaşdıran əfsanələr meydana çıxır. Və bu proses
küll halında konkret ziyanlı xarakter daşıyır. Bəzən mənim haqqımda da həqiqətdən
çox uzaq olan fikirlər yayırlar, bunlardan incimirəm, onları yayanları
tanıyıram və anlayışla qarşılayıram. Heç kim öz qabiliyyətindən artığını ortaya
qoya bilməz ki...
- Haqlısınız, bu problem hamımızı narahat edir.
- Ona görə də bir jurnalist məndən Rusiya-Ukrayna
hadisələrini soruşanda az qalıram deyəm ki, qardaş, bu sualı mən səndən
soruşmalıyam, sən məndən yox.
- Bu günün reallığı sizi biz jurnalistlərdən daha
informasiyalı vəziyyətə gətirib. İstər-istəməz biz də ictimaiyyəti məlumatlandırmaq
adına sizlərin fikirlərinə ehtiyac hiss edirik.
- Mənim fikirlərimə gəlincə... Sualınız dediklərimi
bir daha təsdiq edir. Bəli, obyektiv KİV zamanında baş verən proseslərə təsir
edə bilir. O ki, qaldı, orda nə hadisələr baş verir, bunu hamımız bilirik. Yəqin
ki sizi bu sual maraqlandırır-baş verənlərin perspektivi necə olacaq?
- Bəli. Sualı belə qoysaq, daha doğru olar.
- Yadınıza gəlirmi, 2008-ci ildə buna bənzər bir
hadisə Gürcüstanla Rusiya arasında da baş vermişdi. O zaman da indiki kimi dünyanın
bütün informasiya vasitələri Rusiyaya qarşı yönəlmişdi. Aradan cəmi bir neçə il
keçdi. Avropa ölkələrində də, Gürcüstanda da hakimiyyətlər dəyişildi.
Gürcüstan məsələsi yaddan çıxdı. İndi nə Abxaziyadan, nə Osetiyadan danışan
var. Şərq müdriklərinin bu məsələdə çox gözəl fikirləri var. Deyirlər ki, bir
çox sağalmaz yaraların ən gözəl dərmanı zamandır. Zaman keçdikcə Ukrayna Rusiya
arasındakı münasibətlər də düzələcək. Sadəcə bir az səbr etmək lazımdır. Düzdür,
bu tezliklə düzələn məsələ deyil. Ukrayna məsələsi Rusiyanın daha dərin
yarasıdır. Təbii ki, yara dərin olunca sağalma prosesi də uzanır. Amma son nəticədə
bütün yaralar qaysaq bağlayıb qovuşur. Zamanın yaratdığı yaranı zaman da
sağaltmağa məhkumdur və bu baş verəcək. Üstəlik, nəzərə alsaq ki, Rusiya tarixi
mənşə, etnik kimlik baxımından Ukrayna ilə eyni orqanizm kimidirlər. Ruslar öz
tarixlərinin Kiyevdən başladığını düşünürlər. Slavyan xalqlar arasında onlar qədər
bir-birlərinə yaxın ikinci dövlət tapmaq çətindir. Bu günün dünya şərtləri də
bir-birlərinə yaxın toplumların daha güclü ittifaqlar yaratmasını tələb edir,
strateji müttəfiqliklər qurulur. Ukrayna ilə Rusiya arasında nə qədər dərin
yara açılsa da, onlar bu proseslərdən kənarda qala bilməyəcəklər. Çünki dünyanın
şərtləri bunu diktə edir. Unudulmamalıdır ki, bütün qardaşlar arasında
anlaşılmazlıqlar olur, sonda bu anlaşılmazlıqlar daha möhkəm dostluqlara
aparır. Rusiyanın nəinki öz qardaşı olan Ukraynayla, hətta bu gün rəsmi Kiyevin
arxasında duran Qərb dövlətləriylə də münasibətlərindəki buzlar əriyəcək. Bunun
da obyektiv səbəbləri var. Dünyada gedən qloballaşma prosesi Rusiyayla Avropanı
çox sıx şəkildə bir-birinə bağlayıb. Tarixən mövcud olan iqtisadi, mədəni-mənəvi
bağlar yenidən həmin ölkələri bir-biriylə əməkdaşlığa məcbur edəcək. Siyasi iradələr
bu əməkdaşlıq perspektivini öz məhvərindən yayındıra bilməz. SSRİ dağıldıqdan
sonra yaranan bu münasibətlər elə güclü zəmin üzərində oturdulub ki, onların
biri digərinə zərbə vurmaq istəyi bumeranq xarakteri daşıyır. Bunu Qərb ölkələri
də yaxşı başa düşür, Rusiya da. Həmin dövlətləri birləşdirən əsas amil isə iqtisadiyyatdır.
Rusiya iqtisadiyyatının bəzi sahələri Qərbin texnologiyasından asılıdır, Qərb də
Rusiyanın təbii sərvətlərindən. Üstəlik, Rusiya Qərb texnologiyası üçün ən
böyük bazarlardan biridir. Heç bir iqtisadi qüdrət bu bazarı itirmək istəməz.
Eynilə Rusiya üçün Avropa da neft və qaz nəqli üçün ən əvəzedilməz partnyordur,
dediklərim heç də hamısı deyil...
- Bəzi strateqlər isə başqa cür fikirləşir. Onların
mülahizələrinə görə, Rusiyanın Avropa tərəfindən tətbiq olunan iqtisadi
sanksiyalara davam gətirmək güçü yoxdur...
- Bunlar yalnış mülahizələrdir. Rus xalqı öz vətənini
sevən, onun uğrunda hər fədakarlığa qatlanmağı bacaran toplumdur. Ruslar onsuz
da belə problemlərə, çətinliklərə öyrəşiblər. Bilirlər ki, Putin hakimiyyəti
Rusiyanın qüdrətini artırmaq, onun dünyadakı nüfuzunu özünə qaytarmaq üçün səy
göstərir. Buna görə də, istənilən fədakarlığa qatlanmağa hazırdırlar. Rus xalqı
başa düşür ki, öz ölkələrinə qarşı həyata keçirilən bu basqılar Putinlə
bağlıdır. Putin Rusiya maraqlarını həmişə qoruyub və bu cizgidən heç vaxt kənara
çıxmayıb, çıxmayacaq da. Belə bir liderin qədrini öz xalqı, əlbəttə ki, bilir və
bilməlidir. Baxın, Rusiya tarixində və ümumiyyətlə, tarixdə rol oynamış
Qorbaçovu bu ölkədə heç yada salan yoxdur. Çünki onun yürütdüyü siyasətin məğzi
Avropanın maraqlarına yönəlmişdi. Onun başlıca məqsədi Avropanı qane etmək istəyi
idi. Fikirləşirdi, nə etsin ki, Avropada onu tərifləsinlər. Yeltsin də elə idi.
Putin isə əksinə, öz xalqının maraqlarını həyata keçirir. Putinin Avropanın
xoşuna gəlmək-gəlməmək problemi yoxdur. Onun fikrincə, avropalılar ondan
xoşlana da bilərlər, xoşlanmaya da. Bunu özləri bilərlər. Təki, Rusiyanın
maraqları təmin olunsun. Kimlərəsə yarınmaq subyektiv yanaşmadır. Böyük tarixi
proseslərə və bu prosesləri aparan siyasətçilərə subyektiv münasibət sabun
köpüyüdür, bəlkə də şəxsi qısqanclıq əlamətidir. Ümumiyyətlə, nəhəng tarixi şəxsiyyətləri
zamanlarında o qədər xoşlamayanlar olub ki... Görün, bu xırda hisslərin sahiblərinin
birisinin adını bilirsiniz? Şəxsiyyətin böyüklyü, tarixiliyi, xüsusən, siyasətçilərin
onun xidmət etdiyi, ərsəyə çatdırdığı ideyalarla ölçülür. Bu baxımdan V.V.Putinin indiki siyasətinin kimin xoşuna gəlib- gəlməməsi məsələsi ən azı
diletant siyasətçilərin mövqeyidir. V.V.Putin XXI əsrdə dağılmaqda olan böyük
bir dövlətin o dövlətdə yaşayan böyük bir xalqın tarixi tələbatı idi. Tarixən
belə hallar mövcud olub. Belə bir adamı, təbii ki, Avropa dövlətləri sevməzlər.
Amma Rusiyada əsas söz sahibi bu dövlətlər deyil, rus xalqının özüdür. Putinin
xalq arasındakı dəstəyi isə çox güclüdür. Xalq arasında dəstəyi olan belə
liderlər tarixdə qalırlar. Putinin indidən Rusiyanın tarixinə düşmüş adamdır. O
düz edib etməyib, bizim ona münasibətimiz yaxşıdır, pisdir- bu, ayrı məsələdir.
Fakt budur ki, bu adam öz siyasətiylə çökməkdə olan Rusiyanı yenidən dirçəldib,
onu dünyanın sözü ötkəm dövlətlərindən birinə çevirib.
- Yəni, demək istəyirsiniz ki, Putinin digərlərindən
fərqi ondadır ki, sələfləri xarici maraqlara, o isə daxili milli hədəflərə yönəlik
siyasət aparır.
- Putin başa düşür ki, tarixdə qalmaq istəyirsə, “nə
edim ki, xaricin xoşuna gəlim?” kimi cılız hisslərlə yaşamamalı, milli maraqlardan
çıxış etməlidir. Onun siyasətçi kimi bir hədəfi var-xalqa arxalanaraq, ictimai
dəstək qazanaraq Rusiyanın maraqlarını qorumaq.
- Elə bir çoxları da məhz buna görə Putini rus
imperializminin qurucularıyla eyniləşdirirlər. Onu Pyotrla müqayisə edirlər. Siz
bu müqayisəyə necə baxırsınız?
- Bu müqayisə zərərlidir, bu dövlət mövcuddur, kim
adını necə başa düşürsə, düşsün. Bu fikirdəyəm ki, biz bu “imperiya” sözünü
yaddan çıxarmalıyıq. Rusların özləri bu düşüncələrdən imtina ediblər. İmperiya
heç rusların özünə də lazım deyil. SSRİ təcrübəsi göstərdi ki, imperialist
maraqlar hər kəsdən daha çox Rusiyanın özü üçün zərərlidir. Təbii sərvətlərlə zəngin
olan Rusiya Tacikistanı, Qırğızıstanı öz tərkibinə almaqla nə qazanırdı-öz təbii
sərvətlərini SSRİ-ni əmələ gətirən bir çox subyektləri dolandırmağa yönəltməkdən
başqa? Rusiya heç vaxt eyni səhvləri təkrarlamaz. İndi dünyayla daha rahat əməkdaşlıq
imkanları var. Qarşılıqlı iqtisadi maraqlara söykənən müttəfiqlik imkanı varkən,
niyə keçmiş dövrlərdən qalma, bu günün tələblərinə cavab verməyən qurum və
quruluşlara qayıtsınlar?
- Bəs, o zaman Avrasiya İttifaqı nəyə xidmət edir?
(ardı var)






































































































