İki gün əvvəl Bakıda Azərbaycanın “Sabah” futbol komandası ilə İsrailin “Hapoel Be'er Sheva” klubu arasında keçirilən qarşılaşmada Tellur Mütəllimov vurduğu qolla komandasına yeni nəfəs verdi.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, oyuna əlavə olunan dəqiqələrdə vurduğu qolla “Sabah”a uğur gətirən 17 nömrəli yarımmüdafiəçi Tellur Uzdan oğlu Mütəllimov Xaçmaz rayonunun Qoçaqlı kəndində anadan olub.
Xaçmazlı bloqer Osman İmamov bu barədə Bizim.Media-ya açıqlamasında oyunun dramatik gedişini şərh edib:
“‘Sabah’ səfərdə 2:1 hesabı ilə məğlub olmuşdu. Doğma meydanda İsrail komandası ilə oyunun nəticəsi 2:2 idi. Bu bərabərlik rəqib komandaya sərf edirdi. Çünki belə olan halda ‘Sabah’ mübarizəni dayandırır, rəqib isə növbəti mərhələyə yüksəlirdi.
Oyunun əsas 90 dəqiqəsi başa çatdı və qarşılaşmaya 4 dəqiqə əlavə olundu.
Əlavə olunmuş vaxtın son dəqiqəsində oyuna yeni daxil olan Tellur Mütəllimov qol vuraraq görüşü əlavə 30 dəqiqəyə daşıdı. Əlavə vaxtda daha iki qol vuran ‘Sabah’ tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı”.
“Bu qol təsadüfi deyildi”
“Sabah”a uğurlu sabah gətirən Tellur Mütəllimovun yaxın qohumu Vüsal Başaratov saytımıza açıqlamasında futbolçunun tarixi qolundan danışıb:
“Bu qol təsadüfi deyildi. Tellurun özünün də müsahibəsində qeyd etdiyi kimi, artıq 31 yaşı var və bu yaş həm də illərin gətirdiyi çətin futbol təcrübəsi deməkdir. Belə vacib məqamda soyuqqanlı qərar vermək, fürsəti fövtə verməyərək vəziyyəti düzgün qiymətləndirmək və zərbəni dəqiq yerinə yetirmək böyük təcrübə tələb edirdi. Tellur bunu bacardı.
Xalaoğlu və həmkəndlim kimi həmin anları böyük həyəcanla izlədik. Düzünü desəm, yaşadığımız sevinci ifadə etmək indi çox çətindir. Qoçaqlı kəndindən çıxan bir gəncin illər sonra Çempionlar Liqasının belə möhtəşəm səhnəsində tarix yazması bizim üçün xüsusi hissdir.
Bu qol həm Tellurun şəxsi uğuru, həm də Qoçaqlının Azərbaycan və Xaçmaz futbol tarixinə yazdığı tarixi bir səhifədir”, – deyə V.Başaratov vurğulayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
İdman
16:40 / 27.08.2026
Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO
Hazırda oxunan: Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO
Hazırda oxunan: Xaçmazda doğuldu, Çempionlar Liqasında vurduğu qolla tarix yazdı – FOTO/VİDEO
633351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































