Dünya şöhrətli rejissor və aktyor Mel Gibson kinosevərlərin uzun illərdir böyük maraqla gözlədiyi "Məshihin dirilməsi" (The Passion of the Christ: Resurrection) filmindən ilk rəsmi kadrı təqdim edib.
Bizim.Media xəbər verir ki, ekran işinin ilk görüntüsü ilə yanaşı, premyera tarixlərinin dəyişdirildiyi də elan olunub.
Yeni qərara əsasən, filmin birinci hissəsi əvvəlcədən planlaşdırıldığı kimi mart ayında deyil, 6 may 2027-ci ildə, onun davamı (ikinci hissəsi) isə 25 may 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.
Mel Gibson çəkilişlərin artıq tamamilə başa çatdığını və ekran işinin tam olaraq onun xəyal etdiyi, düşündüyü kimi alındığını bildirib.
Bu layihə rejissorun vaxtilə dünya kino tarixində böyük ajiotaj yaradan və fenomenə çevrilən "Məshihin əzabları" (The Passion of the Christ) filminin davamıdır. Xatırladaq ki, 2004-cü ildə işıq üzü görən orijinal film cəmi 30 milyon dollar büdcə ilə qlobal kassada 610 milyon dollardan çox gəlir əldə edərək kino tarixinin ən uğurlu müstəqil layihələrindən biri kimi yadda qalmışdı.
Davam filminin ərsəyə gəlməsi isə iki onillikdən (20 il) çox vaxt aparıb. İtaliyada (Roma, Bari, Matera və Brindizi) baş tutan çəkilişlər düz 134 gün davam edib.
Yeni filmdə tamaşaçıları ən çox təəccübləndirəcək məqam aktyor heyətinin dəyişməsidir. Orijinal filmdə İsa peyğəmbər və Məryəm Maqdalena obrazlarını canlandıran Jim Caviezel və Monica Bellucci yeni layihəyə qayıtmayıblar.
İsa Məshih obrazını bu dəfə finli aktyor Yaakko Otonen canlandırır, Məryəm Maqdalena rolunu isə aktrisa Mariela Qarriqa ifa edir.
Filmin aktyor heyətinə həmçinin Rupert Everett, Rikkardo Skamarço və Kasiya Smutnyak kimi tanınmış simalar da daxil olub.
Ssenarini Randall Uolles (Randall Wallace) ilə birlikdə qələmə alan Mel Gibson bu materialı miqyasına və tonuna görə tamamilə unikal adlandırıb: "Həyatımda indiyə qədər buna bənzər heç nə oxumamışdım". Rejissor vurğulayıb ki, bu film onun üçün sadəcə növbəti kino layihəsi deyil, bəşəriyyət mədəniyyətinin ən mühüm hekayəsini vizuallaşdırmaq baxımından şəxsi missiyadır.
Bizim.Media


































































































