Xatırladaq ki, ötən il sentyabrın 5 - də keçmiş qaynı Ürfan Rzayev tərəfindən qətlə yetirilən Kamal Rüstəmovla bağlı cinayət işi bir müddət öncə yekunlaşdırılaraq məhkəməyə göndərilmişdi. Amma məhkəmə prosesinin gedişində gözlənilmədən Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzindən gələn cavabla Göygöl məhkəmə tibbi ekspertinin verdiyi rəy arasındakı ziddiyyət hakimləri də çaş - baş salmışdı. Məhkəməyədək Kamal Rüstəmovun atası - anası dəfələrlə prezidentə, baş prokurora yazdıqları məktubda övladlarının idmançşı və karate üzrə qara kəmər ustası olmasını qabardaraq onun yalnız keçmiş qaynı tərəfindən deyil, bir neçə nəfər tərəfindən qətlə yetirildiyini iddia edirdilər. Hətta mərhumun anası bununla bağlı baş prokuror Zakir Qaralovun da qəbulunda olmuşdu və Zakir Qaralov ona cinayətin bütün iştirakçılarının ifşa ediləcəyinə söz vermişdi. Amma prokurorluq qətldə ancaq Ürfan Rzayevin iştirakının guya sübuta yetirildiyini bildirirdi:
"Ədliyyə Nazirliyinin adıçəkilən mərkəzindən gələn rəydə isə göstərilir ki, hadisə yerində iki yox, üç nəfərə məxsus qan nümunələri olub. Bu isə qətldə digər iştirakçının da olduğuna dəlalət edirdi. Amma bütün bunlara baxmayaraq prokurorluq məhkəməyə təsir edərək həmin cinayət işinin yenidən istintaqa qaytarılmasına mane olmağa çalışır. Müstəntiqlər anlayır ki, iş yenidən istintaqa qaytarılsa onların özlərinə əlavə problemlər yaranacaq və düzüb qoşduqları iş pozualacaq."
Əli Rüstəmov daha sonra yazır ki, onun keçmiş qudası, qatil Ürfan Rzayevin atası Tapdıq Rzayev yaxın adamlarına istintaqa təsir edərək işə məhkəmədə tezliklə baxılması üçün xeyli xərc çəkdiyini də bildirib:
"Tapdıq Rzayev Gəncədə çox imkanlı adam kimi tanınır və geniş biznes şəbəkəsinə sahibdir. Amma son vaxtlar o bir neçə obyektini ucuz qiymətə satışa çıxarıb, burdan da belə anlaşılır ki, o işi tezbazar həll etmək üçün əlavə xərclər çəkmək zorunda qalıb."


































































































