Gələn il yanvar ayının 1-dən binalara enerji effektivliyi üzrə pasport veriləcək. Bu ötən il Milli Məclisin qəbul etdiyi və prezidentin təsdiq etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Qanuna əsasən, yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.
Pasportlaşdırma zamanı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisna olunur. Pasportlaşdırma istismarda olan binalara şamil olunmayacaq.
Hazırda Binalarda Enerji Effektivliyi Altsistemi yaradılır və artıq ilkin versiyası nümayiş elətdirib. Altsistemin bu ilin oktyabr ayınadək hazır vəziyyətə gətirilməsi, il sonunadək təkmilləşdirilməsi və 2027-ci il yanvarın 1-dən istismara verilməsi nəzərdə tutulur.
Enerji pasportu nədir?
Bu pasportla binanın istilik itkisi, divarların, damın, pəncərələrin istilik izolyasiyası, isitmə, həmçinin, havalandırma sistemləri, enerji sərfinin səviyyəsi müəyyən ediləcək. Yeni tikilən, yenidən qurulan, bərpa edilən binalara sözügedən pasportun verilməsi, həmin binaların nə qədər enerji udduğunu və nə qədər səmərəli olduğunu göstərən rəsmi qiymətləndirmə olacaq.
Bəs bu köhnə binalara şamil olunacaq?
Qanundan da göründüyü kimi, köhnə bina yenidən qurula və ya əsaslı təmir olunursa, pasportlaşdırma məsələsi artıq qanundakı məcburi tələblərə düşə bilər.
Pasportlu bina yaxşı izolyasiya olunmuş, müasir pəncərələri, daha səmərəli isitmə və yüksək enerji sinfinə mənsub olan bina hesab olunacaq. Bütün bunlar enerji qənaətinə gətirib çıxaracaq. Gələcəkdə də enerji baxımından daha səmərəli olduğu üçün belə binalara tələbatın artması qaçılmazdır.
Bəs bunun qiymətlərə təsiri necə olacaq? Azərbaycanda alıcıların enerji sərfinə görə mənzil seçməsi artıq müşahidə olunurmu?
Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya bildirib ki, qanun qüvvəyə minəndən sonra bir sıra dəyişikliklərin olacağı gözlənilir:
“Son iki il ərzində, ötən ildən başlayaraq tikinti və şəhərsalma normativlərində əvvəlllər olmayan müəyyən tələblər formalaşıb. Tələblərdən biri binaların ən azı 100 il dayanıqlılığı və uzun müddət istismar müddəti ilə bağlıdır. Bunlar müəyyən bir inşaat normativlərində aparılan dəyişikliklərdir. İkinci məsələ isə binaların digər qanunlara uyğun olması, yəni binaların enerji səmərəliliyi baxımından səmərəli olmasıdır.
Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effetivliyi haqqında” qanuna istinadən aparılır. Bu qanuna görə, beş mərtəbədən yuxarı olan binalarda qaz qurğularının quraşdırılması və yaxud da alternativ enerjidən istifadə olunması ilə bağlı yeni tələblər var”.
O qeyd edib ki, pasportlaşma siniflər üzrə aparılacaq:
“Hazırda elan olunan pasportlaşma A sinfi, yəni ən az enerji sərfiyyatı olan binalara aid olacaq. Getdikcə B, C, D, E kateqoriyaları da mövcud olacaq. Bundan sonra layihələndirilən binlar ən azı C sinfinə cavab verməlidir. Bu tələblər binanın enerji istifadəsi ilə bağlı olacaq”.
Günay Şahmar, Bizim.Media

































































































