“Azərbaycanın regional haba çevrilmək üçün imkanı və şəraiti var”.
Bizim.Media xəbər verir ki, bunu Yunanıstanın Qara Dəniz Ticarət və İnkişaf Bankı Vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil edilən "Azərbaycan Cənubi Qafqaz–Mərkəzi Asiya strateji tərəfdaşlıqlarının mərkəzində: Regional əməkdaşlığın əsas hərəkətverici qüvvəsi" adlı panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin güclü maliyyə dayanıqlılığı var.
"Azərbaycanın yüksək investisiya reytinqi və maliyyə resursları mövcuddur. Azərbaycan hökuməti bununla bağlı suveren zəmanət də verir.
Son dövrlərdə, xüsusilə son 5-6 ildə Azərbaycan hökuməti dövlət müəssisələri ilə bağlı ciddi islahatlar həyata keçirib. Bunların hamısı maliyyə cəhətdən dəyərli layihələrin həyata keçirilməsinə imkan yaradır".
Ziya Əliyev qeyd edib ki, Azərbaycanın regional haba çevrilmək imkanı böyükdür. "Vacib məqamlardan biri də Azərbaycanın bu regionda ən yüksək investisiya reytinqinə malik ölkə olmasıdır. Bu, Azərbaycana rəqəmsal inkişaf, nəqliyyat və digər sahələrdə regional haba çevrilməsi üçün imkan və şərait yaradır".
Fəridə, Bizim.Media


























































































