“Azərbaycan Mərkəzi Asiya ilə digər regionlar arasında əlaqələrin qurulmasında mühüm rol oynayır”.
Bizim.Media xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Orxan Zeynalov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: ticarət, sənaye və əlaqə potensialının açılması” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, enerji bağlantıları, regional və transsərhəd enerji layihələri, eləcə də Mərkəzi Asiya dövlətləri ilə yeni təşəbbüslər bu prosesin əsas istiqamətlərindəndir.
“Trans-Xəzər marşrutu çərçivəsində Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi yeni layihələrin də reallaşmasına təkan verə bilər.
Son dövrdə baş verən böhranlar və sərhədlərin bağlanması Orta Dəhlizin əhəmiyyətini daha da artırıb. Böhranlar zamanı enerji təchizatında ciddi itkilərin baş verməməsi Azərbaycanın enerji marşrutlarının dayanıqlılığını nümayiş etdirib”, - deyə o qeyd edib.
O.Zeynalov vurğulayıb ki, boru kəmərləri ilə nəql olunan qazın əhəmiyyəti hələ də yüksəkdir:
“Azərbaycan enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ənənəvi enerjiyə investisiyaları davam etdirir və yaşıl enerji dəhlizlərinin inkişafına xüsusi diqqət yetirir”.
Bizim.Media
























































































