Azərbaycanla Özbəkistan arasında yaşıl enerji sahəsində fəal əməkdaşlıq aparılır və birgə layihələr həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.
Nazir bildirib ki, əsas strateji məqsədlərdən biri Mərkəzi Asiya və Cənubi Qafqazda istehsal olunan yaşıl enerjinin Avropa bazarlarına çatdırılmasını təmin edəcək enerji dəhlizinin formalaşdırılmasıdır.
L.Kudratov qeyd edib ki, Azərbaycanla bu istiqamətdə fəal danışıqlar aparılır.
Onun sözlərinə görə, yaxın illərdə Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək iri infrastruktur layihələrinin təqdim olunması nəzərdə tutulur.
“Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq hədəfi vahid nəqliyyat və enerji dəhlizlərinin yaradılması, qarşılıqlı investisiyaların stimullaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyası regionun investisiya cəlbediciliyini daha da artırır.
Bizim.Media


























































































