“İqtisadi zonalar Azərbaycanda investisiya imkanlarını genişləndirir”.
Bizim.Media xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı deyib.
O bildirib ki, sənaye parkları, sənaye məhəllələri və Ələt Azad İqtisadi Zonası investorlar üçün istehsal və logistika imkanları yaradır.
“Bu zonaların məqsədi yalnız torpaq sahəsi ayırmaq deyil, tam investisiya ekosistemi yaratmaqdır. Bu imkanlar investorların ilkin xərclərini azaltmağa, istehsalın və ixracın genişlənməsinə, sənaye klasterlərinin və ixtisaslı iş yerlərinin yaradılmasına şərait yaradır”, – Bağırov deyib.
O qeyd edib ki, Qarabağ və digər regionlarda yaradılan sənaye infrastrukturu da investisiya və istehsal imkanlarını genişləndirir.
“2025-ci ildə Azərbaycanın ÜDM-i 130 milyard dollara yaxınlaşıb. Ümumi istehsalın 33 faizi sənayenin, 7,1 faizi isə nəqliyyat və anbar təsərrüfatının payına düşüb”, – Agentlik sədri bildirib.
Bağırov əlavə edib ki, 2025-ci ildə Azərbaycanda rəqəmsal dövlət satınalmalarının ümumi dəyəri 5 milyard dollara yaxın olub və bu, əvvəlki göstəricidən 10 faizdən çox artımdır. Onun sözlərinə görə, dövlət satınalmaları üzrə qanunvericilik yerli mal, iş və xidmətlərə qiymətləndirmə zamanı 20 faizə qədər üstünlük verilməsinə imkan yaradır.
Bizim.Media


























































































