Xarici ölkələrin nazirləri Beynəlxalq İnvestisiya Forumunda – Nələr müzakirə olundu?

Xarici ölkələrin nazirləri Beynəlxalq İnvestisiya Forumunda – Nələr müzakirə olundu?

Hazırda oxunan: Xarici ölkələrin nazirləri Beynəlxalq İnvestisiya Forumunda – Nələr müzakirə olundu?

638671

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərcivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı Yüksək səviyyəli panel müzakirəsi keçirilib. 

Bizim.Media xəbər verir ki,  panel müzakirəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov istehsalda, iqtisadiyyatda məhsuldarlığın artırılması, hər bir vətəndaşın məhsuldarlığının təmin edilməsi məsələsi Azərbaycan üçün önəmli olduğunu bildirib. 

Rəqəmsallaşmaya diqqət çəkən nazir süni intellektlə bağlı milli strategiyanın hazırlanmasın vacibliyini bildirib. 

"Süni intellektin bir tərəfdən yaradıcısı, digər tərəfdən isə istifadəçisi olmaq mümkündür. Biz burada öz rolumuzu müəyyənləşdirməliyik. Azərbaycanda enerjiyə əlçatanlıq və enerji xərcləri baxımından üstünlüklər var. Sənayeləşməni davam etdiririk. Mövcud tərəfdaşlıqlar, regional mərkəzlərlə qurulan tərəfdaşlıqlar bizim üçün önəmlidir. Körfəz ölkələri ilə artan ticarət də vacibdir. Biz təkcə kapital deyil, həm də bilik transferində tarixi rol oynayırıq". 

Nazir sonda qeyd edib ki, sabah Prezident İlham Əliyevin iştirakı ilə sazişlər imzalanacaq.

Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov çıxışında Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək mühüm layihələrin təqdim olunacağını açıqlayıb. O deyib ki, Özbəkistan Azərbaycanla birlikdə ortaq hədəfi bu istiqamətdə müəyyənləşdirib. 
 

Panel müzakirədə çıxış edən Pakistanın Federal Rabitə naziri Aleem Khan qeyd edib ki, Pakistan aktiv olaraq coğrafi məkanı getdikcə daha təhlükəsiz zonaya çevirir. 


"Pakistan münaqişədə olan tərəflər arasında sülh əldə etmək üçün çalışır. Pakistan, həmçinin, dəniz infrastrukturunu təkmilləşdirərək Azərbaycanla Qərb-Şərq dəhlizində əməkdaşlıq edir. Biz açıq dəniz marşrutlarına sərfəli giriş təmin edirik". 

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzadə Tacikistanın xarici iqtisadi əlaqələrini şaxələndirdiyini və ticarət-investisiya tərəfdaşlar dairəsini genişləndirmək istədiyini bildirib. O qeyd edib ki, əsas məqsəd qlobal iqtisadi dəyişikliklərə uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərdən Tacikistanın iqtisadi transformasiyasını sürətləndirmək, rəqabətqabiliyyətliliyini artırmaq və dayanıqlı iqtisadi artımı təmin etmək üçün istifadə etməkdir. 

Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar da çıxışında Suriya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına da toxunub. O bildirib ki, iki ölkə arasında Suriya-Azərbaycan Biznes Şurasının yaradılması bu istiqamətdə atılmış mühüm addımlardan biridir.

O həmçinin bildirib ki, Suriya xarici investorları ölkəyə dəvət edir.

Şimali Makedoniyanın İqtisadiyyat və Əmək naziri Besar Durmishi isə çıxışında dövlətin investorlara dəstəyindən, vergi və gömrük güzəştlərindən danışıb.
 

O qeyd edib ki, investor ölkəyə gəldikdən sonrakı prosesdə qayğı sistemi yaradılıb. Dövlət əməliyyat məsələlərində investorlara köməklik edir, biznesin genişləndirilməsinə şərait yaradır.


İqtisadçı və strateq, "Roubini Macro Associates"-in İcraçı direktoru Nouriel Roubini isə çıxışında kiçk iqtisadiyyatlardan danışıb. O qeyd edib ki, texnologiya xammal və kapital tələb edir. Onun sözlərinə görə, texnoloji innovasiyaların əksəriyyəti ümumi məqsədlərə xidmət edir.

O bildirib ki, kiçik ölkələr artıq infrastruktur da yaradıb və indi ənənəvi banklardan deyil, rəqəmsal banklardan istifadə edilir. Roubini qeyd edib ki, kiçik ölkələrin inkişafı üçün model olmalıdır və mövcud resurslardan optimal istifadə etməklə inkişaf etmək mümkündür. 

İtaliyanın Müəssisələr və “Made in Italy” nazirinin müavini Valentino Valentini panel müzakirəsinə göndərdiyi videomüraciətində İtaliyanın Bakı ilə çox sıx əlaqələri olduğunu, investorlarla birlikdə bunun daha da inkişaf etdirilib, yeni tərəfdaşlıqlar qurula biləcəyini bildirib. 

O qeyd edib ki, Ələt iqtisadi zonasında Azərbaycanla İtaliya arasında mühüm sənədlər imzalanıb.

“İtaliyalı mütəxəssislər bundan sonra da Azərbaycanda fəaliyyət göstərəcəklər".

Nazir bildirib ki, əməkdaşlıq süni intellekt, kosmik texnologiyalar və digər sahələri də əhatə edə bilər.

Panel müzakirələrinin sonunda bir sıra mühüm sənədlər imzalanıb.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO