“Düzgün investisiyalar, səmərəliliyin artırılması tədbirləri nəticəsində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta bilər”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında bildirib.
Nazirin sözlərinə görə, 2030-cu ilə qədər Orta Dəhliz üzrə yük daşımalarının müddəti iki dəfə azala bilər.
"Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağlantıların reallığa çevrilməsi fonunda regionda gedən geosiyasi proseslər də bu imkanları gücləndirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, gəmiqayırma zavodu və Xəzər yük donanması Orta Dəhlizin əsas elementləridir.
Azərbaycan dəhlizlər üzrə infrastruktur tikintisini başa çatdırıb və növbəti mərhələdə əsas diqqət xidmət keyfiyyətinə yönəldiləcək. Məqsədimiz Azərbaycandan keçən marşrutların mövcud geosiyasi şəraitdə yalnız təhlükəsiz deyil, həm də xərc, vaxt baxımından rəqabətə uyğun olmasını təmin etməkdir".
Nazir həmçinin qeyd edib ki, 2021-2025-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektorunda real artım orta hesabla ildə 6 faiz təşkil edib. Qeyri-neft sənayesi 50 faiz artıb, qeyri-neft-qaz ixracı isə təxminən iki dəfə artıb.
Fəridə, Bizim.Media































































































