Dövlət Qulluğu Məcəlləsi HAZIRLANDI – Hansı yeniliklər olacaq?

Dövlət Qulluğu Məcəlləsi HAZIRLANDI – Hansı yeniliklər olacaq?

Hazırda oxunan: Dövlət Qulluğu Məcəlləsi HAZIRLANDI – Hansı yeniliklər olacaq?

638635

Milli Məclisdə yeni Dövlət Qulluğu Məcəlləsi müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyində “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi yer alıb.
 

Məlum olduğu kimi, hazırda dövlət qulluğu sahəsində münasibətlər "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir.


Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, mövcud normaların sistemləşdirilməsi və müasir insan resurslarının idarə edilməsi mexanizmlərinin tətbiqi məqsədilə dövlət qulluğu münasibətlərinin vahid məcəllə çərçivəsində tənzimlənməsi istiqamətində islahatların aparılması nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin hazırlanması nəzərdə tutulub.

Təqdim edilən layihə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını vahid kodifikasiya olunmuş normativ hüquqi aktda müəyyən edilməsini nəzərdə tutur.

Məcəllə Ümumi və Xüsusi hissələrdən ibarət olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddəni özündə birləşdirir.

Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanlarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrini əhatə edir. Həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir.
 

Beləliklə, Məcəllə layihəsində dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəalar sistemləşdirilərək vahid normativ aktda birləşdirilir.


Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı tətbiq ediləcək sənədlərin nümunəvi formaları da müəyyən edilir. Vəzifə təlimatının forması, stajorluq və sınaq müddəti ilə, eləcə də daimi əsaslarla dövlət qulluğuna təyin edilmiş şəxslərlə bağlanılan əmək müqavilələrinin nümunəvi formaları, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni təsbit olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO