Rusiyaya qarşı həyata keçirilən embarqo qarşı tərəfin də əks-reaksiyasına səbəb oldu. Moskva Avropa dövlətlərindən aldığı kənd təsərrüfatı mallarının idxalına qadağan qoydu və gözünü cənubda yerləşən yaxın qonşularına dikdi. Sözsüz ki, belə dövlətlərdən biri də Azərbaycandır. İş adamlarımızın bu fürsətdən yararlanması iqtisadiyyatımıza nə kimi müsbət və ya mənfi təsir göstərə bilər? Moderator.az-in bu sualına Ədalət Partiyasının sədr müavini, iqtisadçı Əlikamal Həsənzadə cavab verir.
Zənnimcə, Qərbin Rusiyaya qarşı və Rusiyanın Qərbə qarşı tətbiq etdikləri sanksiyalar Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmayacaq. Bunun iki əsas səbəbi vardır. Birincisi ”“ məhsuldar torpaqlar artıq istifadə olunmaqdadır və dövriyyəyə yeni sahələrin cəlb olunması sual doğurur. Müəyyən miqdarda istixanaların sayı və sahəsi arta bilər, amma bu da ikinci səbəblə məhdudlaşa bilər ”“ meyvə-tərəvəz istehsalını kəskin şəkildə artırmaq üçün, müvafiq yeni torpaq sahələrindən başqa, böyük həcmdə sərmayələr və azı 1-2 il vaxt tələb olunur. Sanksiyalar hər an aradan qaldırıla bilər və bu amil potensial sərmayədarları böyük yatırımlar etməkdən çəkindirir.
Ölkəmizdə istehsal olunan və Rusiyaya ixrac edilən meyvə və tərəvəzlər üzrə statistika belədir: alma: illik istehsal 250 min ton, ixrac 37 min ton; armud: illik istehsal 40 min ton, ixrac ”“ 170 ton, şaftalı: istehsal ”“ 27 min ton, ixrac 8 min ton; mandarin: istehsal 30 min ton, ixrac 1 min ton; pomidor: istehsal 467 min ton, ixrac 46 min ton; kartof: illik istehsal 1 mln ton, ixrac 54 min ton.
Fikrimcə, bu ilin axırınadək meyvə-tərəvəz istehsalının artımına dair proqnozlar vermək çox çətindir və Rusiyaya ixrac artımı yay və payız mövsümlərində hər il istehsal olunan məhsulun daxili bazardan çıxarılması hesabına əldə ediləcək. Rusiyanın fitosanitar nəzarətinin sərt tələblərini nəzərə alsaq, bu ixracın kəskin şəkildə artması real görünmür. Başqa bir faktor Rusiyanın da üzv olduğu Gömrük İttifaqı daxilində digər üzv ”“ Qazaxıstanın eyni çeşiddə (mandarindən başqa) istehsal etdiyi meyvə-tərəvəzin rüsumsuz-filansız ala bilməsidir.
Hesab edirəm ki, Rusiyaya meyvə-tərəvəz ixracatının artması 15-20 faizi aşmayacaq. Bu artım ölkənin daxili bazarı hesabına baş verəcəyinə görə, bu çeşid məhsulların qiyməti bazarlarımızda 10-15 faiz arta bilər, bu isə rüblük və illik inflyasiyanın proqnozdan artıq olmasına gətirib çıxaracaq.
Müsbət təsir ondan ibarət olacaq ki, ixracatla məşğul olan fermerlərin (onlar çox deyil) və gömrük işçilərinin (bunlar isə çoxdur) gəlirləri artacaq. Ölkə iqtisadiyyatının, o cümlədən aqrar sahənin real inkişafına təsir göstərməsi üçün sözü gedən sanksiyalar uzunmüddətli olmalı, fermerlərə virtual yox, real yardım göstərilməlidir.
Məlumat üçün əlavə edim ki, Türkiyə sözü gedən sanksiyalardan faydalanaraq, ilin sonunadək kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını 25% artırmaq fikrindədir.






































































































