Müsavat Partiyasının Milli Şuradan getməsi haqda
verdiyi qərar cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Moderator.az-a açıqlama verərək partiyanın qurumdan ayrılmasına
münasibət bildirən “El” hərəkatının həmtəsisçisi, Milli Şura üzvü Eldəniz
Quliyev Müsavatın bu addımının hakimiyyətə xidmət etdiyini bildirdi:
“Müsavat Partiyası hər zaman bəhanə axtarıb. Milli
Şura yarananda da, vahid namizəd seçiləndə də biz bunu gördük. Bu partiya
bəhanələr partiyasına çevrilib. Onların verdiyi bu qərardan belə məlum olur ki,
onların heç vaxt demokratik birlikdə maraqları olmayıb.”
Eldəniz
Quliyev Müsavat Partiyasının və iqtidarın mövqelərinin üst-üstə düşdüyünü
bildirdi:
“Müsavat Partiyasının sərgilədiyi mövqe iqtidarın
istəyi ilə üst-üstə düşür.
Rəsulzadənin qurduğu partiyanı bu hala salan şəxslər tarix və xalq
qarşısında cavab verməli olacaqlar. Mənim özüm hal-hazırda Milli Şuradayam və
bu qurumun yaşaması üçün əlimdən gələn hər şeyi edəcəm.”
Xəyal Əzizov































































































