ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbəri Səfir Janez Azadlıq Radiosunun suallarını yazılı cavablandırıb.Moderator.az həmin müsahibəni təqdim edir:
- Cənab səfir,
ATƏT/DTİHB müşahidəçiləri ölkənin demokratik inkişafı baxımından 2010-cu il
parlament seçkilərinin mənalı irəliləyiş olmadığını, anlamlı və rəqabətli seçki
üçün vacib şərtlərin çatışmadığını bildirirdilər. O vaxtdan bəri nə dəyişib?
- ATƏT/DTİHB-in
2013-cü il prezident seçkisini müşahidə missiyası ötən həftə işə başlayıb. Bu
missiya seçkinin sonunadək prosesin ATƏT öhdəliklərinə və beynəlxalq demokratik
seçki standartlarına necə və hansı dərəcədə uyğun gəlib-gəlmədiyini
dəyərləndirəcək. Missiya ötən seçkidən sonra seçkinin keçirilməsi prosesində
uyğun dəyişiklikləri, DTİHB-nin 2010-cu il seçkilərindən sonrakı tövsiyələrinin
necə yerinə yetirilməsini nəzərə alacaq.
- MSK-nın
təsdiqlədiyi namizədlərdən biri həbsdədir, müxalifətin ilk vahid namizədinin
qeydiyyatından imtina edilib. Bütün bunlar diqqətə alınarsa, Azərbaycanda
seçkiöncəsi durumu necə qiymətləndirirsiniz?
- İşə başlayan
seçki müşahidə missiyası seçkiöncəsi durumun bütün aspektlərini nəzərə alır. Bu
məsələlər sentyabrın ortalarınadək açıqlanacaq birinci aralıq hesabatda əksini
tapacaq. Missiya bütün prosesi izləyəndən sonra bu və digər məsələlərə dair
dəyərləndirməsini yuxarıda qeyd etdiyim öhdəlik və standartlara uyğun şəkildə
diqqətə yetirəcək. Öncə seçkidən bir gün sonrakı ilkin bəyanatda, seçki prosesi
bitəndən sonrasa səkkiz həftə içində bütün bunlar yekun hesabatda əks olunacaq.
- İndiki
prezidentin üçüncü dəfə öz namizədliyini verməsini yerli və beynəlxalq
hüquqşünaslar birmənalı qarşılamayıb və ziddiyyətli sayıblar. Bu məsələdə sizin
mövqeyiniz necədir?
- Dövlət, yaxud
hökumət başçılarının vəzifədə qalmasına dair ATƏT öhdəliklərində məhdudiyyət
yoxdur ”“ ATƏT-in bəzi üzv ölkələri belə məhdudiyyət tətbiq edib, bəziləri yox.
Bu, konkret ölkənin hüquq çərçivəsindən asılıdır və qərarı hər bir dövlətin
özü, əsl demokratik və inklüziv proses
vasitəsilə (“inklüziv” deyərkən, bu halda seçicilərin seçki prosesinə
qatılması, prosesin ayrılmaz hissəsinə çevrilməsi nəzərdə tutulur ”“ red.) qəbul
edir.
- Televiziyalardan
yalnız İTV ödənişli təşviqat üçün MSK-ya üz tutub. Yerli müşahidəçilər bunu
özəl televiziyaların digər namizədlərin reklamlarını yaymaq istəməməsinə
bağlayırlar. Bu məsələ barədə Sizin düşüncələrinizi bilmək maraqlı olardı...
- Medianın seçki
kampaniyasını, bütövlükdə seçkinin gedişini işıqlandırması müşahidə
missiyasının hərtərəfli media monitorinqindən yararlanmaqla yaxından öyrənəcəyi
başqa aspektdir. Medianın seçki prosesində rolu ilkin dəyərləndirmədə və yekun
hesabatda dəyərləndirmənin mühüm hissəsi olacaq.
- Əvvəlki
müşahidələrə görə, media daha çox hakim partiya və onun namizədinə yer ayırıb.
Sizcə, media kampaniyasının aparılmasında, seçki orqanının media kampaniyasına
nəzarətində nələr dəyişməlidir?
”“ 2010-cu il
parlament seçkilərinə dair yekun hesabatda tövsiyə olunurdu ki, azad və
müstəqil media inkişaf etdirilsin, media orqanlarının redaktə siyasəti
hakimiyyətin müdaxiləsi olmadan müəyyənləşdirilsin və jurnalistlər aşırı
təzyiqə məruz qalmasın. O da tövsiyə olunurdu ki, media orqanları, özəlliklə seçki
dönəmində siyasi qüvvələrə dair ədalətli, obyektiv və balanslı xəbərlər
hazırlasın, dövlət sahibi olduğu və maliyyələşdirdiyi medianın namizədlərlə
bərabər davranmasını təmin etsin. 9 oktyabr seçkisini izləyəcək missiyanın
apardığı media monitorinqi bunun necə olduğunu da qiymətləndirəcək.
Bir neçə
jurnalist həbsdədir. Cinayət cəzası onlayn ifadəyə də aid edilib. İfadə
azadlığının təminatı məsələsi də gözə alınsa, ölkədə seçkiöncəsi media mühitini
necə dəyərləndirirsiniz?
- ATƏT-in Media
Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatovic ötən mayda bu məsələdən narahatlığını
bildirib və durumu «Azərbaycanda media üçün getdikcə artan düşmən mühiti» kimi
təsvir edib. Bu narahatlıq ATƏT-in iyunun 17-21-də Azərbaycana ehtiyacları
dəyərləndirmə missiyasının hesabatında da əksini tapıb: «Jurnalistlərin
saxlanması, diffamasiyaya dair məhkəmə iddiaları və digər təzyiqlər hələ də
media azadlığına təsir edir və bu mühit ideyaların azad ifadəsi üçün əlverişli
deyil». Missiyanın media monitorinqi kampaniya dönəmində medianın işinin ATƏT
öhdəliklərinə və beynəlxalq demokratik seçki standartlarına uyğunluq dərəcəsini
qiymətləndirəcək.
- Yuxarıda
deyilənləri nəzərə alaraq, seçkilərin azad və ədalətli keçiriləcəyi barədə nə
demək olar?
- Belə anlayıram
ki, dəyərləndirməni “azad və ədalətli” kimi ifrat sadə deyimlə
ümumiləşdirməyə maraq var. Hər bir seçki
mürəkkəb prosesdir, onunla ədalətli davranmağa çalışır və ifrat sadələşdirilmiş
ifadələrdən qaçırıq. Seçkidən bir gün sonra verəcəyimiz bəyanatda prosesin
müsbət aspektləri, eləcə də nöqsanları qeyd olunacaq. Missiyanın yekun
bəyanatında bütün bunlar daha ətraflı dəyərləndiriləcək və seçki prosesinin
təkmilləşdirilməsinə dair tövsiyələr veriləcək.
- Beynəlxalq
müşahidəçilər son seçkinin ATƏT-in demokratik seçkilərə dair əsas öhdəliklərinə
və Azərbaycanın yerli qanunvericiliyinin mühüm elementlərinə uyğun gəlmədiyini
vurğulayırdılar. 2010-cu il parlament seçkisindən sonra ATƏT/DTİHB
tövsiyələrinin yerinə yetirilməsi yönündə irəliləyiş görürsünüzmü?
- DTİHB 2010-cu il
seçkilərinə dair hesabatındakı tövsiyələr barədə Azərbaycan hakimiyyətindən
əlavə məlumat almayıb. İndiki seçkini müşahidə missiyası (SMM) həmin
tövsiyələrdən hansıların yerinə yetirilib-yetirilmədiyini öyrənəcək.
- 2010-cu il
tövsiyələrindən yerinə yetirilən birini misal gətirə bilərsiniz?
- Qanunvericiliyə
dəyişiklərə baxsaq, ehtiyacları dəyərləndirmə missiyası bildirib ki, seçki
qanunvericiliyinə dəyişikliyə dair bir tövsiyə nəzərə alınıb, şikayətlərə və
müraciətlərə baxılması müddəti qısaldılıb. Qanunvericiliyə dəyişiklik tələb
etməyən tövsiyələrə gəlincə, SMM onlardan hansıların yerinə yetirildiyini
müəyyənləşdirəcək.
- Əksər
müşahidəçilər seçkinin taleyinin səssaymada həll olunduğunu düşünür. DTİHB
müşahidəçiləri səslərin sayılması və nəticələrin elanı prosesini necə
izləyəcəklər?
- ATƏT-in bütün
digər üzvləri kimi, Azərbaycanın da “səsləri vicdanla saymaq və bu barədə
hesabat vermək” öhdəliyi var. Ehtiyacları dəyərləndirmə missiyası öz
hesabatında tövsiyə edib ki, seçki günü prosedurlarını izləmək və bu öhdəliyin
icrasının necə yerinə yetirilməsini dəyərləndirmək üçün 280 nəfərlik
qısamüddətli müşahidəçi göndərilsin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.