Bugünlərdə ölkəmizdə səfərdə olan Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Qarabağ məsələsində ölkəsinin Azərbaycanı dəstəklədiyini və ona hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Məlumat
üçün qeyd edək ki, Pakistan dövləti bundan öncə də Azərbaycanın haqq işini dəstəklədiyini
vurğulamış, problemin hərbi yolla həll ediləcəyi təqdirdə ölkəmizə hərbi-texniki
və əsgəri yardım göstərəcəyini qeyd etmişdir.
Bir
neçə gün bundan öncə Azərbaycanın Pakistan istehsallı qırıcılara maraq göstərməsi,
bu dövlətin Hərbi Dəniz Qüvvələrinin komandanının ölkəmizə səfəri, hərbi əməkdaşlığın
yeni istiqamətləri ilə bağlı aparılan müzakirələr iki dövlət arasında münasibətlərin
yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərməkdədir.
Maraqlıdır,
Pakistanın Qarabağ məsələsində Azərbaycanın yanında olması Ermənistanın yanında
olan Rusiya faktorunu qismən də olsa neytrallaşdıra bilərmi? Azərbaycan Rusiya
faktoruna qarşı Pakistan amilindən lazımınca istifadə edərsə, işğaldakı
torpaqların azadlığını təmin edə bilərmi?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli hesab edir ki,
Pakistanın yardımı Rusiya faktorunu nəinki qismən, önəmli dərəcədə
neytrallaşdıra bilər:
“Zənnimcə,
Pakistanın hərbi yardımı Rusiya faktorunu qismən deyil, böyük həcmdə neytrallaşdıra
bilər. Çünki Pakistan artıq müasir dünyanın ən güclü nüvə dövlətlərindən
biridir. Həm də, güclü silahlı qüvvələrə malik bir dövlətdir. Pakistan Azərbaycanın
müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlətdir. Pakistanda Azərbaycana
xüsusi hörmət və ehtiram var. Torpaqlarımızın erməni işğalı altında olduğunu da
çox yaxşı bilirlər. Pakistan hər zaman Azərbaycana kömək əlini uzadıb.
Son
dövrlərdə Azərbaycanla Pakistan arasında həm silah-sursat idxalı, həm də
Silahlı Qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ikitərəfli əməkdaşlıq
istiqamətində danışıqlar gedir, müqavilələr bağlanır. Bu yöndə ciddi axtarışlar
aparılır. Azərbaycan Paksitan istehsalı olan qırıcı təyyarələri almaq niyyətindədir.
Bundan başqa, ölkəmiz Pakistanla bəzi silahların birgə istehsalı üzrə əməkdaşlıq
etməkdə maraqlıdır. Birgə silah istehsal edən zaviodların tikilməsi, yeni silah
növlərinin yaradılması, ölkəmizin müdafiə sənayesinin daha da güclənməsi ilə
bağlıdır. Bu istiqamətdə artıq ciddi işlər görülür. Demək olar ki, niyyət
protokolları səviyyəsində razılaşmalar əldə edilib. Yaxın vaxtlarda bu məsələlərin
tədricən reallaşdırılmasına başlanacaq.
Pakistan
Qarabağda müharibə başlayacağı təqdirdə Azərbaycana canlı qüvvə baxımından da
yardım edə biləcəyini vurğulayıb. Hərbi Dəniz Qüvvələrinin komandanın ölkəmizə
səfəri Azərbaycanla hərbi əməkdşalığın ikili inkişafının perspektivinə həsr
olunmuşdur. Güman edirəm ki, Azərbaycan üçün faydalı olan çox ciddi sənədlər
imzalanıb”x9d.
Seymur Əliyev







































































































