Süfrələrin kasıb, ürəklərin zəngin olduğu İLLƏR – Niyə ən çox 90-ların qonaqlığı xatırlanır?

Süfrələrin kasıb, ürəklərin zəngin olduğu İLLƏR – Niyə ən çox 90-ların qonaqlığı xatırlanır?

Hazırda oxunan: Süfrələrin kasıb, ürəklərin zəngin olduğu İLLƏR – Niyə ən çox 90-ların qonaqlığı xatırlanır?

635871

Birinin uşaqlıq, o birinin gənclik ya yetkinlik xatirələridir. Amma Azərbaycanın ən ağır – müharibə, qıtlıq illəri olsa da elə ən unudulmaz illəri də məhz 90-lardır. Ən yaxın keçmişimizdir: müstəqilliyimizin ilk, keşməkeşli illəri nədənsə çətinliyindən çox, qonaq-qaralı, qonum-qonşulu, mehriban, səmimi tərəfinə xatirələrimizdə yer vermişik. O vaxt qonaq “gəlirəm” deməzdi, evdə hazırlıq görmək üçün günlərlə plan qurub, menyu hazırlamazdıq. Eləcə qapı döyülərdi, “Xoş gəlmisiniz” deyər, sonra da evdə nə vardısa, süfrəyə qoyardıq.

Ərzağın qıt olduğu, talonla verildiyi o illər qonaqdan bol idi. Çay süfrəsində mürəbbə, taxta peçenye, dişqıran şüşə konfetlər qoyulardı. Hə... bir də  qonşudan alınmış taburetlər...

90-cı illərin evlərində qapılar asan açılırdı. Sanki böyük bir binanın qapıları taybatay olan otaqları idi: uşaqlar bir evdən o birinə gedib-gələrdi, qohumlar xəbərsiz baş çəkərdi, qonşu bir stəkan şəkər istəməyə gəlib, iki saat söhbət edib gedərdi.

Bəs indi nə dəyişib, niyə insanlar komfortu səmimiyyətdən üstün tutmağa başladılar?

Marketlərdə çeşid-çeşid məhsullar var, əvvəllər tapmaq üçün növbəyə dayandığımız ərzaqlar bu gün gözümüzün qabağındadır. Soyuducular doludur, süfrələr daha zəngindir. Amma qonaqlar azalıb.

Qonaqlıq mədəniyyətinin dəyişməsinin ən böyük səbəbi bizim bir-birimizə ayırdığımız vaxtın çatışmazlığındadır. İndi “gəl, oturaq” demək üçün əvvəlcə təqvimə baxırıq. Qonaq getmək də az qala tədbirə çevrilib. Kiminsə evinə baş çəkmək üçün əvvəlcədən xəbər verməli, uyğun gün tapmalı, vaxt ayırmalı, bəzən də özümüzü buna psixoloji cəhətdən hazırlamalıyıq.

Qonaqlığın əvvəlki kimi olmamasının arxasında həm də həyat tərzinin dəyişməsi dayanır. Qonaqlıq “sadə görüş” olmaqdan çıxıb. Əvvəllər evdə nə vardısa, indi isə qonaq qəbul etmək bəzən ciddi hazırlıq tələb edir: evin səliqəsi, yeməklərin çeşidi, süfrənin görünüşü və s.

İndi qonağı ev yox, restoran qarşılayır

Ailə və qohumluq münasibətlərinin forması dəyişib. Böyük ailələrdən daha kiçik ailələrə keçmişik. Qohumlar da müxtəlif şəhərlərə, ölkələrə səpələnib. Məsafələr, illər artdıqca səmimiyyət də azalır. Bir də evlər dəyişib. Daha doğrusu, evlərin qonağa münasibəti dəyişib.

Əvvəllər evin bir otağı sanki qonaq üçün həmişə hazır olardı. Müşənbələr, qonaq süfrəsi üçün saxlanılan qab-qacaq... İndi isə çox vaxt qonağı ev yox, restoran qarşılayır. Ad günü, elçilik, əsgər yola salınması/qarşılanması, dost məclisi – hamısı restoranda, ya da cibə münasib kafedə təşkil olunur.

Evə qonaq çağırmaq isə ayrıca bir dərdə çevrilib: bu günün qonaqlarına evlərdə açıq-aydın narazı sifət göstərilir, evdə yorğun, biganə baxışlar qonağı hər an yola salmağa hazırdır. Bəkə elə buna görə qapılarımızın zəngi də əvvəlki kimi səslənmir...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO