“Oğlumun çəkdiyi bir filmdə oynamaq istəyirəm, bu ikimizin də arzusudur”
“Bu günki serialların bir çoxu professional insanların əlində deyil. Bir-iki serialı çıxmaq şərtilə. Hər şeyə peşəkarlıqla yanaşmaq lazımdır. Ortaya çıxan seriallar yüksək səviyyədə çəkilmir. Bir az əllərinə pul düşən kimi film çəkirlər, mən onları film hesab etmirəm, orada çəkilmək arzusunda da deyiləm. Mən tərəf müqabilimin kim olmasına, mövzuya həmişə fikir verirəm. Çox istedadlı aktyorlardan düzgün istifadə etməyən rejissorlar var. Rejissor bəsit olanda, istedadlı aktyorun işi də bəsit görünür”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Səidə Quliyeva deyib.

“Bir aktrisa kimi daxilimdə olan potensialdan hələ də yetərincə istifadə olunmayıb. O vaxt teatra gələndə xalq artisti Yaşar Nuri mənə tövsiyyə etdi ki, lal ol, kor ol, kar ol. Dedi ki, “bu 3 əlamət səndə olsa irəli gedəcəksən”. Bəzən müəyyən müddətə qədər haqlı da olsan, haqsız da olsan susmaq lazımdır. Zamanın özünün həll edəcəyi məsələlər var axı. Vaxtilə olub ki, küsülü bir həmkarımla bacı rollarını oynamışıq. Qucaqlaşmışıq, öpüşmüşük, ayrılandan sonra isə onun yolu başqa, mənim yolum isə başqa istiqamətə gedib. Bizim şəxsi münasibətimizin oyunun gedişatına bir mənfilik gətirə bilməz. Bunun səhnəyə heç bir aidiyyatı yoxdur” deyə sənətkar bildirib.
Xalq artisti sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

“Sosial şəbəkələrdən istifadə etmirəm. Bilirəm ki, facebookda adıma fan səhifə açılıb, amma mən ümumiyyətlə internetdən istifadə edən deyiləm. Sosial şəbəkələrin mənfi tərəfləri daha çoxdur. Sənə yazan insan bilmirsən ki, kimdir? Adama çox pis təsir edir ki, səviyyəsiz, düşüncəsiz insan sənin haqda fikir yürüdür. Mən özümdən danışmıram, ümumiyyətlə deyirəm. Bunu qəbul etmədiyim üçün sosial şəbəkələrdə yoxam. Çox zaman da sənət adamlarının əsəbləşdiyinin şahidi oluram. Heç şəkil həvəskarı da deyiləm. Kollektiv çəkdirəndə çəkdirərəm, tək şəkil çəkdirməyi sevmirəm. İnternetdən istifadə edib bəzən tamaşalarımı, filmlərimi izləyirəm” deyə sənətkar bildirib.
Sənətkar övladından da danışıb.
“Gözümün ağı-qarası bir övladım var. Oğlum Mədəniyyət və İncəsənət universietində operatorluqdan dərs deyir. Çox istərdim ki, onun çəkdiyi bir filmdə rol oynayım. Bu ikimizin də arzusudur” deyə aktrisa bildirib.




































































































