Dağınıq sklerozun dərmanı yoxdur, lakin vaxtında həkimə müraciət etməklə xəstəliyin inkişafının qarşısını almaq mümkündür...
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "onet.pl" nəşri yazıb.
Dağınıq sklerozun əlamətləri əsasən 20-40 yaş arası insanlarda rast gəlinir. Xəstəlik intensivlik və remissiya mərhələləri ilə səciyyələnir, hər pasiyentdə müxtəlif keçir. Dağınıq sklerozun dərmanı yoxdur, lakin xəstəliyin inkişafının effekli dərəcədə qarşısını almaq olar. Ona görə də diaqnozu tez bir zamanda qoymaq vacibdir. Xəstəliyin erkən əlamətlərinə diqqət etmək lazımdır.
Dağınıq sklerozun əlamətləri tarazlıq problemləri və başgicəllənməsidir. Bu əlamətlər geniş yayılıb. Yeriməkdə və hərəkət koordinasiyasında çətinliklər yarana bilər. Əvvəlcə adama elə gələ bilər ki, kimsə, sadəcə, ləng hərəkət edir. Lakin belə vəziyyətlər təkrarlanarsa, bu, dağınıq sklerozun inkişafı demək olar.
Dağınıq sklerozun əlamətləri:
Sancma və keyləşmə
Əllərdə, ayaqlarda, barmaqlarda və sifətdə sancma və keyləşmə dağınıq sklerozun xəbərdaredici əlamətləridir. Əksəriyyət pasiyentlər bu problemləri yaşayır. Əvvəlcə əlamətlər yüngül olur, onları asanlıqla aşkar etmək olmur. Zamanla şikayətlər güclənir.
Sıxılma və əzələ spazmları
Xəstəliyin ilkin mərhələsində səciyyəvi olan xüsusilə ayaqlarda ağrılı əzələ spazmı meydana çıxır. Bu, xəstəliyin pasiyentlərin yarısında rast gəlinən ilk əlamətlərindəndir. Həmçinin əzələlərin sıxılması hissiyatı baş verir.
Görmə problemləri
Görmənin pisləşməsi ilk siqnallardan biridir. Təəssüf ki, biz bu problemi nadir hallarda ciddi xəstəliklə bağlı olduğunu hesab edirik. Bizə elə gəlir ki, bu problemlər yaşla bağlı və ya, məsələn, kompüter arxasında uzun müddət işləməkdən yaranır. Dağınıq sklerozda görmə sinirinin iltihabı baş verir. Bizi nə narahat etməlidir?
Gözlərdə ikiləşmə, təsvirin bulanıq olması, yuxarı baxdıqda ağrı hissi və ya yaşıl və qırmızı rənglərin qavranılmasının pozulması həyəcanlı əlamətlərdir.
Yorğunluq və zəiflik
Tükənmə xəstəliyin geniş yayılmış əlamətlərindəndir. Sinirlərin zədələnməsi uzunmüddətli yorğunluq yaradır. Bu əlamət gündüz güclənir, yuxululuq və əzələ ağrıları ilə müşayiət edilir. Bir çox pasiyentlər etiraf edir ki, hətta gecə yaxşı yatdıqdan sonra da özlərini yorğun hiss edirlər.
Sidik kisəsi və bağırsaq problemləri
80 faiz pasiyentlər sidik kisəsi problemləri ilə üzləşir. Onlarda tez-tez sidiyə getmə, sidik kisəsinin tam boşalmaması, gecə sidik ifrazı (nikturiya) müşahidə edilir. Bağırsaq problemləri daha az rast gəlinir, lakin ishal və qəbizlik xəstəliyin əlamətlərindəndir.
Koqnitiv və emosional dəyişikliklər
Pasiyentlərin yarısında koqnitiv pozuntular meydana çıxır. Əsasən, diqqətin cəmləşməsi, hafizənin zəifləməsi, informasiyanın işlənməsində ləngimələr baş verir. Xəstələrdə emosional pozuntular-depressiya, həyəcan, stres müşahidə edilir. Həmçinin əhval-ruhiyyənin dəyişilməsi də qeyd edilir.
Bu əlamətlər aşkar edilərsə, həkimə müraciət etmək lazımdır. Müalicə nə qədər erkən aparılarsa, bir o qədər xəstəliyin inkişafını ləngitmək şansları çoxalacaq.






































































































