Avropada baş verən istiləşmə nəticəsində temperaturun 41-42 dərəcəyə qədər yüksəlməsi Avropa qitəsi, xüsusilə Şərqi və Şimali Avropa ölkələri üçün qeyri-adi göstəricisidir. Bu, birbaşa iqlim dəyişikliklərinin nəticəsidir, eyni zamanda hazırda Avropa qitəsi üzərində yaranan yüksək təzyiq və istilik nəticəsində formalaşan istilik qübbəsinin təsiridir.
Bizim.Media xəbər verir ki, bu sözləri “axar.az”a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Onun sözlərinə görə, bu qübbə Günəşdən gələn istiliyin geri qayıtmasını çətinləşdirir və temperaturun yüksək səviyyədə saxlanmasına şərait yaradır:
“Son məlumata görə, xeyli insan bu istilərdən zərər çəkib. Çünki Avropada bu cür istilər son 40-50 ildə müşahidə olunmayıb.
Bildiyimiz kimi, yanacaq ehtiyatlarının istifadəsi nəticəsində karbon dioksid və digər emissiya qazları atmosferdə toplanaraq istixana effekti yaradır. Bu da istiləşmənin əsas səbəblərindən biridir. Nəticədə buzlaqların əriməsi baş verir və Yer kürəsinin orta temperaturu təxminən 1,5 dərəcə artıb. Bu, BMT-nin iqlim dəyişmələri üzrə hesabatlarında da qeyd olunub və artımın 2 dərəcəyə yaxınlaşdığı bildirilir. Bu proses də yanacaq istifadəsinin artması ilə bağlıdır”.
Ekoloq hesab edir ki, bunun Azərbaycana da təsirləri var:
“Həmin isti hava kütlələri, yəni atmosferin yuxarı qatlarında yaranan yüksək təzyiq və istilik effekti tədricən Cənubi Qafqaza doğru hərəkət etməyə başlayıb. Bir müddətdən sonra bunun təsirlərini Azərbaycanda da görəcəyik və anomal hava şəraitinin baş verməsi gözlənilir.
Burada Afrika üzərindən hərəkət edən siklonlar həm Avropaya, həm də Cənubi Qafqaza istiqamətlənərək Türkiyə və Aralıq dənizi üzərindən bölgədə temperaturun yüksəlməsinə təsir göstərəcək. Bütün bunlar Xəzər dənizinin səth sularının qızmasına və buxarlanmanın artmasına səbəb olacaq. Bu da öz növbəsində havanın temperaturunun daha da yüksəlməsinə təsir göstərəcək”.
Bizim.Media


































































































