
- A-
- A
- A+
Deputatdan məktəblərə təklif: “Zəlzələyə yalnız bu cür hazır ola bilərik”
“Ümumiyyətlə, vətəndaşlarımızın bir çoxu zəlzələ zamanı nə etməli olduqlarını bilmirlər”
Bunu Moderator.az-a açıqlamasında deputat, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Ötən həftə qardaş Türkiyədə baş verən təbii fəlakət artıq 30 minə yaxın insanın həyatını itirməsinə, on minlərlə şəxsin isə yaralanmasıma səbəb oldu.
Axtarış xilasetmə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Xilasetmə qrupları (Ən çox peşəkar xilasedici göndərən ölkə də məhz Azərbaycandır-750 əməkdaş) bu gün öz işlərinin öhdəsindən layiqincə gəlirlər.
Bəs orta ümumtəhsil məktəbləri öz missiyasını necə yerinə yetirə bildi? Məktəbin bu məsələdəki missiyası fəlakət zamanı yox,yalnız ondan əvvəlki mərhələdə ola bilər. Belə ki, məktəblərdə gələcəkdə yaşanacaq fövqəladə hallar üçün mülki müdafiə, ilkin tibbi yardım bacarıqların tədrisi zəlzələ zamanı insanların yardımına nə dərəcədə çata bildi?
Qardaş Türkiyə ilə yanaşı, bizim ölkəmizdə insanlar üçün həyati əhəmiyyət kəsb edilən bu iki vacib sahə necə öyrənilir? Çünki təbii fəlakətdən heç bir ölkə sığortalanmayıb.
Mövzu ilə bağlı danışan C.Məmmədov öz təkliflərini də bildirib:
“Qardaş Türkiyədə baş verənləri nəzərə alaraq, hesab edirəm ki, ölkəmizdə zəlzələ ilə bağlı davamlı olaraq, müxtəlif maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilməlidir. Bu gün sorğu keçirsək görərik ki, nəinki şagirdlərimiz, ümumiyyətlə, vətəndaşlarımızın bir çoxu zəlzələ zamanı nə etməli olduqlarını bilmirlər. Nəticədə, təbii fəlakət zamanı daha çox itki ilə üz-üzə qalırıq. Bu baxımdan, məlumatlandırma xarakterli tədbirlərin görülməsinə, televizayalarda, radiolarda və s. maariflədici proqramlara ehtiyac var. Ökəmizdə daha çox dəm qazından zəhərlənmələr baş verdiyindən bu istiqamətdə TV-lərdə videoroliklər hazırlanır. Düşünürəm ki, zəlzələ ilə də bağlı da belə videoçarxların hazırlanması yaxşı olardı. Bu tip işlər nə qədər çox aparılsa, əhali nə qədər çox məlumatlandırılsa təbii fəlakət zamanı itkilərimiz də bir o qədər az olacaq.”
“Yalnız bu halda zəlzələyə hazırlıqlı ola bilərik”
Millət vəkili təhsil müəssisələrində görülməli tədbirlərə də toxunub:
“Məktəblərimizdə, universitetlərimzdə, ümumiyyətlə bütün təhsil ocaqlarımızda da maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyac var. Bu məsələnin ayrıca fənn olaraq tədrisinə deyil, daha çox hər hansı bir fənnin tərkibində xüsusi saat olaraq keçirilməsi daha uyğun olardı.
Bundan əlavə, zəlzələ zamanı görüləcək tədbirlərlə bağlı xüsusi məlumat kitabçaları hazırlanaraq məktəblərə paylanmalıdır. Həmin kitabçalarda zəlzələ zamanı nələr etməli olduqları aydın formada öz əksini tapmalıdır. Daha sonra, Fövqəladə Hallar Nazirliyi ilə istər paytaxtda, istərsə də nazirliyin bölgələrdəki şöbələri ilə məktəblərimizdə görüş keçirilməlidir. Doğrudur, belə görüşlər zaman-zaman keçirilir. Lakin düşünürəm ki, bu tip maarifləndirmə xarakterli görüşlərin sayı artırılmalıdır. Yalnız bu halda zəlzələyə hazırlıqlı ola bilərik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































