"Bütün dünyada diplomatlara edilən hücüm, hücum edən dövlətin zəifliyindən xəbər verir. İkincisi, bu kimi hallar həmin dövlətin daxildəki radikal qruplarla bacara bilmədiyini göstərir. Üçüncüsü isə bu kimi hallar həmin ölkənin düzgün siyasət aparmadığının göstərcisidir".
Bu sözləri Moderator.az-a açıqlamasında israilli politoloq Yuri Boçarov deyib.
Onun sözlərinə görə, İrandakı vəziyyətə baxanda 2 faktor daha çox diqqət çəkir: "Birincisi, İran öz xalqına qarşı qəddar davranır və bunun nəticəsində ölkədə baş verən üsyanlar İranın öz xalqına qarşı repressiyaları ilə nəticələnir. Digər tərəfdən, İran Azərbaycanın regional siyasətindən narahatdır. Ən əsası isə İran Azərbaycanın iqtisadi və siyasi uğurlarına qısqanclıqla yanaşır. İranın qeyri-obyektiv mövqeyini həm də ondan görmək mümkündür ki, terrorçu yaxalanandan 1 saat sonra İran televiziyasına müsahibə verir və Azərbaycanı ittiham edir. Sanki elə bir təəssurat yaradırlar ki, bu məsələdə günah Azərbaycandadır".
"İran İsrail üçün çoxdan terrorçu dövlət elan edilib. Çünkü İran özü bunu açıq şəkildə etiraf edir ki, İsraili dövlət kimi məhv etmək istəyir və bunun üçün İsrailə qarşı mübarizə aparan terror təşkilatlarını silahlandırır. Halbuki, əsas məsələ odur ki, dövlətlərlə münasibətindən asılı olmayaraq, onun təhlükəsizliyinə zəmanət verməlisən"-deyə, israilli ekspert vurğulayıb.
Mərahim Nəsib


































































































